Azərbaycan Respublikasında
Buğda 30, un 25, çörək isə 7 faiz ucuzlaşıb!
Dünya bazarlarında buğdanın qiymətinin 30 faiz düşməsinə baxmayaraq Azərbaycan Respublikasında unun qiyməti 25 faiz çörəyin qiyməti isə sadəcə 7 faiz düşüb.
Son aylar Azərbaycanda un və çörəyin qiyməti düşüb. Bu, dünya bazarlarında unun və buğdanın ucuzlaşması ilə əlaqələndirilir. Amma unla çörəyin qiymətlərində ucuzlaşma bir-birinə uyğun gəlmir. Məsələn, ötən il 38 manata olan 50 kq un kisəsi indi 29 manat 50 qəpiyə düşüb. Çörəkdə isə cəmi 5 qəpik ucuzlaşma var. 65 qəpiyə olan çörək son günlər 60 qəpiyə satılır. Hal bu ki, unun qiymətindəki ucuzlaşmaya görə çörəyin qiyməti 49 qəpik olmalıdır.
Turan xəbər Agentliyi bunun səbəblərini rəsmi qurumlar və çörək bişirən müəssisələrdən öyrənə bilməyib.
Azərbaycan ərzaq buğdasına olan tələbatı özü tam ödəmir. Azərbaycanın yerli istehsalı buğdaya tələbatın cəmi 25 faizini təmin edir, qalan 75 faiz isə xaricdən idxal edilir.
Turan xəbər agentliyi İqtisadçı Natiq Cəfərliyə istinadla bildirir ki, Azərbaycan Respublikasının strateji məhsul hesab olunan buğdanın təminində xaricdən asılı olmasının səbəblərini belə izah edir: Bu, aqrar sahədə düzgün olmayan yanaşmaların, texniki bitkilərin artmasının və bunun hesabına buğda əkinlərinin azalmasının, məhsuldarlığın aşağı düşməsinin nəticəsidir. Həmçinin, Azərbaycanda istehsal olunan buğdanın keyfiyyəti çox aşağı olur. Bütün bu məsələlər ona gətirib çıxarıb ki, biz 75 faiz xaricdən asılıyıq və orada qiymətlərin dəyişikliyi həmən Azərbaycana təsir göstərir",- Natiq cəfərli deyib.
İqtisadçı alim əlavə olaraq bildirib ki,dünya bazarında buğdanın qiyməti keçən ilin eyni dövrünə nisbətən 30 faiz düşüb. Bu da çörəyin qiymətinin düşmə tempinə adekvat deyil: "Azərbaycan keçən il Ukraynadakı müharibə fonunda yaranan böhran zamanı ən çox buğdanı Qazaxıstandan alırdı, amma indi daha ucuz qiymətə yenə Rusiyadan almağa başlayıb",- Natiq Cəfərli bildirib.