Bakıda lift problemi
https://azeri.sahartv.ir/news/azərbaycan-i401390-bakıda_lift_problemi
İyunun 30-da Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması nəticəsində 6 nəfər ağır xəsarət alıb. Bu hadisə bir daha hündürmərtəbəli binalarda liflərin yoxlanılması mövzusunu gündəmə gətirib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 05, 2023 08:36 Asia/Baku
  • Bakıda lift problemi

İyunun 30-da Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması nəticəsində 6 nəfər ağır xəsarət alıb. Bu hadisə bir daha hündürmərtəbəli binalarda liflərin yoxlanılması mövzusunu gündəmə gətirib.

İyunun 30-da Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə məxsus "Uğur-2" yaşayış kompleksindəki üçüncü binanın lifti 7-ci mərtəbədə olan zaman qırılıb və şaxtaya düşüb. Hadisə nəticəsində liftdə olan 6 nəfər (ikisi azyaşlı) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu yeni yaşayış binalarında baş verən ilk hadisə deyil. Ötən il Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev 6 ünvanında yerləşən hündürmərtəbəli binada da liftin qırılması nəticəsində bir nəfər xəsarət almışdı. Bundan öncə isə Bakının Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında 17 mərtəbəli binada liftin qırılaraq şaxtaya düşməsi nəticəsində altı nəfər xəsarət almışdı. Baş verən hadisələr göstərir ki, liftlərdə faciələr köhnə binalardan çox yeni binalarda baş verir.

Sputnik Azərbaycan Bakı Şəhər İcra Hakimiyyətinin "Lifttəmir" İstehsalat Birliyinin baş mühəndisi Mehdi Hüseynova istinadla bildirir ki, bütün yaşayış binalarında liftlərin texniki nasazlığının yoxlanılması Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən həyata keçirilir. MTK-lar lisenziyası olan təşkilatlarla müqavilə bağlayaraq liftlərə texniki xidməti təmin etməlidir.

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, "Uğur-2" yaşayış kompleksindəki binanın liftlərinə texniki xidmətin göstərilib-göstərilmədiyinə, dərhal cavab vermək mümkün deyil. Bu araşdırıldıqdan sonra cavab verilə bilər.

Bu arada "Uğur-2" yaşayış kompleksindəki binanın liftinin qırılması nəticəsində 6 nəfərin xəsarət almasına və xəstəxanaya yerləşdirmələrinə baxmayaraq Binanın komedantı Xanlar Vəliyevin hadisəni kökündən təkzib etməsi təəcübə səbəb olub. O bildirib ki, "Uğur-2" yaşayış kompleksindəki üçüncü binanın liftinin qırılması barədə məlumatlar şayiədir:

"Binanın lifti qırılmayıb. Sadəcə lift 1-ci mərtəbədən 20 sm aşağı düşüb”,- deyən binanın komendantı liftlərin hər gün yoxlandığını söyləyib.