Azərbaycanda 200-dən çox siyasi məhbus var
https://azeri.sahartv.ir/news/azərbaycan-i402263-azərbaycanda_200_dən_çox_siyasi_məhbus_var
“Azərbaycan siyasi məhbuslarına azadlıq” İttifaqı 204 nəfərin daxil olduğu yenilənmiş siyahı dərc edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 02, 2023 13:06 Asia/Baku

“Azərbaycan siyasi məhbuslarına azadlıq” İttifaqı 204 nəfərin daxil olduğu yenilənmiş siyahı dərc edib.

İnsan haqları strukturunun əvvəlki siyahısı aprelin 20-də açıqlanıb və bu siyahıya 182 nəfər daxil edilib.

Yeni siyahıya Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu, sabiq deputat və iş adamı Nazim Bəydəmirli, AXCP üzvü Elxan Əliyev də daxil edilib. Siyahıda yer alan digər yeni simalar aprel-iyul aylarında narkotik alveri ittihamı ilə həbs edilən inanclılardır. Beləliklə, hesabatda dini inanclı siyasi məhbusların ümumi sayı 147 nəfərə çatıb.

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olması ilə bağlı iddiaları qəbul etmir və bunu qərəzli baxış hesab edir. Rəsmi Bakı həmçinin ölkədə fundamental hüquqların tam təmin edildiyini, insanların iradəsinə və inanclarına görə təqib edilmədiyni bəyan edir.

Bəzi hüquq müdafiəçilərinə görə isə dini inancə və əqidəsinə görə bu il həbs edilmiş şiə dindarlarının sayı yüzlərlədir və hətta onların 2 min nəfər olduğu iddia edilir. Sözü gedən şiələrdən bir çoxu İrana casusluqda şərlənərək saxta idalərin alınması üçün işgəncələrə məruz qalıb.

Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib.