Müdafiə Nazirliyinin polkovnikindən şok:
“Nəcməddin Sadıkova otağında 20 milyon vermişəm”
Azərbaycan Respublikasında orduya ayrılmış vəsaitlərdən 92 milyon manatlıq mənimsəməylə bağlı cinayət işi üzrə həbs olunan Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərinin məhkəməsi başlayıb.
Onlar 10 milyonlarla manatlıq yeyinti cinayətini sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun tapşırığı və rəhbərliyi altında törətməkdə təqsirləndirilirlər.
Həbsdə olanlardan biri – Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin keçmiş rəisi, polkovnik Məlikməmməd Qurbanov sentyabrın 15-də məhkəmədə etiraf edib ki, qiymətlərin şişirdilməsi yoluyla əldə olunan təxminən 20 milyon manatı Baş Qərargah rəisi Nəcməddin Sadıkova çatdırıb.
İttihama əsasən, Məlikməmməd Qurbanovun vəzifədə olduğu 2015-2019-cu illərdə Silahlı Qüvvələrin keyfiyyətli mallarla təmin olunması üçün büdcədən vəsait ayrılsa da, təyinatı üzrə xərclənməyib, qiymətlər şişirdilib. İddia olunur ki, vəsaitlər o zamankı Baş Qərargah rəisi Nəcməddin Sadıkovun tapşırığıyla öncədən razılaşdırılmış şirkətlərin hesabına köçürülüb. Şirkətlərlə bağlanmış müqaviləyə əsasən onlardan alınacaq malların dəyəri isə süni şəkildə şişirdilib.
Cinayət işinin materiallarında Məlikməmməd Qurbanovun şəxsən özü tərəfindən 4 il ərzində mənimsənilən məbləğin 542 min 438 manat olduğu iddia edilir.
Onu Cinayət Məcəlləsinin müvafiq maddəsilə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Prokurorun səsləndirdiyi ittihama münasibət bildirən polkovnik özünü qismən təqsirli bilib. O deyib ki, verilən tapşırıqları icra edib.
“Mən hərbçiyəm, əmr yerinə yetirirəm. Mənə nə əmr verilibsə, onu da icra eləmişəm”, – deyə polkovnik bildirib.
Təqsirləndirilən polkovnik etiraf edib ki, Nəcməddin Sadıkovun göstərişiylə şirkətlərin hesabına pulların köçürülməsi və s. işlərlə məşğul olub. Lakin bunu özbaşına etməyib.