Azərbaycanda gündəlik boşanmaların sayı kəskin artdı
Statistikaya görə günə 60 cütlük boşanır
Azərbaycan Dövlət Statistika Komitəsinin son məlumatına görə, bu ilin yanvar-iyulunda 29 191 nikah və 12 610 boşanma halları qeydə alınıb. Bu isə günə 60 boşanma faktı deməkdir.
Sosioloq Əhməd Qəşəmoğlu boşanmaların ilbəil artmasının narahatlıq doğurduğunu və məsələ ilə bağlı təcili tədbirlər görülməli olduğunu deyib. Onun sözlərinə görə, boşanmaların səbəbi bir çox amillərlə bağlıdır.
Sosioloq qeyd edib ki, elə fəaliyyət proqramları qurulmalıdır ki, ailə yenə öz əbədi, əzəli funksiyalarını yerinə yetirsin. Bu sahədə sosial xidmətlər artırılmalıdır. Həmçinin ölkədə bu məsələlərlə peşəkar şəkildə məşğul olan elmi mərkəzlər yaradılmalıdır.
Bəzi ekspertlər isə hesab edirlər ki, bayağı Qərb mədəniyyətinin rəvac verilməsi, yerli telekanalların gəncləri manqurtlaşdırmaq üçün səviyyəsiz verilişlər yayımlaması, İslam dininə aid təbliğata ailə rejimi tərəfindən sərt məhdudiyyətlərin tətbiq edilməsi, maarifpərvər ruhanilərin həbs olunması və ya cəmiyyətin onlardan məhrum edilməsi respublikada boşanma tendensiyasının güclənməsinə təkan verən amillər sırasındadır.