Sen 22, 2023 12:58 Asia/Baku
  • Aİ Azərbaycanı təhdid etdi

Mülki əhalinin hərbi və ya digər vasitələrlə məcburi köçürülməsi Aİ-nin sərt cavabı ilə qarşılaşacaq. Bunu Jozep Borrelin mətbuat xidməti bildirib.

“Avropa İttifaqı Azərbaycanın Dağlıq Qarabağın erməni əhalisinə qarşı hərbi əməliyyatını pisləyir və bu gərginliyin səbəb olduğu itkilər və insan tələfatından təəssüflənir”, Aİ-nin Xarici İşlər Fəaliyyət Xidmətinin rəhbəri Jozep Borrelin mətbuat xidmətinin açıqlamasında bildirib.

Azərbaycan Respublikasının Qarabağdakı separatçılara qarşı əməliyyatından və bu ərazilərə öz nəzarətini təmin etməsindən son dərəcə qəzəbli görünən Avropa İttifaqının açıqlamasında sonra belə deyilir: “Biz atəşkəs razılaşmasının əldə olunması ilə bağlı müvafiq bəyanatları nəzərə almışıq. Biz hərbi əməliyyatların dərhal və tam dayandırılmasını və atəşkəs rejiminə əməl olunmasını gözləyirik.

Regionda gedən prosseslərdən çox geridə qalmış Avropa İttifaqı Cənubi Qafqaza müdaxiləçi siyasətləri istiqamətində bir daha özünü Qarabağdakı erməni sakinlərinin qayğıkeşi kimi təqdim etməyə cəhd göstərib:

“Aİ Azərbaycanı Beynəlxalq Məhkəmənin 2023-cü ilin fevral və iyul tarixlərindəki qərarlarına uyğun olaraq Laçın dəhlizinin tam açılması da daxil olmaqla, ehtiyacı olan əhaliyə təcili və maneəsiz humanitar çıxışı təmin etməyə çağırır.Humanitar təşkilatlar sərbəst fəaliyyət göstərə bilməlidir.”

“Humanitar təşkilatlar sərbəst fəaliyyət göstərə bilməlidir. Aİ və onun Üzv Dövlətləri təcili humanitar yardım göstərməyə hazırdır.” Deyilən birliyin açıqlamasında, həmin yardımların Ermənistandan və Laçın dəhlizindən deyil Azərbaycan yolu ilə Xankəndinə çatdırılacağı təqdirdə yenə də yardım göstərməyə hazır olub-olmayacağını dəqiqləşdirməyib.

 

Dünən Yevlaxda keçirilən görüşü görməzdən gələn Aİ Bakını və Qarabağ ermənilərini təcili olaraq hərtərəfli və şəffaf dialoqa getməyə çağırır.

Açıqlamada dolayısı ilə rəsmi Bakı Qarabağ ermənilərini zorla evlərindən qovmaq niyyətində olmaqda ittiham edilərək Azərbaycan sərt şəkildə təhdid edilir:

 

“Azərbaycan Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin, o cümlədən onların evlərində qorxu və ayrı-seçkilik olmadan yaşamaq hüququnun təmin edilməsinə cavabdehdir. Mülki əhalinin hərbi və ya digər vasitələrlə məcburi köçürülməsi Aİ-nin sərt cavabı ilə qarşılaşacaq.Vəziyyətin daha da pisləşəcəyi təqdirdə Aİ müvafiq tədbirlər görməyə hazırdır”,-bəyanatda deyilir.

Açıqlamada dolayısı ilə Azərbaycan Ermənistan torpaqlarında gözü olmaqda ittiham edilərək rəsmi Bakı 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq Ermənistanın ərazi bütövlüyünə qeyd-şərtsiz sadiqliyini təsdiq etməyə çağırılır.

Aİ Azərbaycan Respublikası hakimiyyətinin qeyri-demokratik olduğuna da eyham vurub eyni zamanda Ermənistanı Azərbaycan qarşısında həmişə dəstəkləyəcəyini bildirib:

“Aİ Ermənistanın demokratik yolla seçilmiş hakimiyyətini dəstəkləməyə davam etməyə hazırdır: ölkədə sabitlik, təhlükəsizlik və demokratik islahatların davam etdirilməsi. Avropa İttifaqının Ermənistandakı missiyası (EUMA) Ermənistanın Azərbaycanla beynəlxalq sərhədində təhlükəsizlik vəziyyətinin monitorinqini davam etdirəcək”,- Aİ-nin Xarici İşlər Fəaliyyət Xidmətinin rəhbəri Jozep Borrelin mətbuat xidmətinin açıqlamasında bildirilib.