AİP sədri Qəzzə qətliamını pisləyib
Mövsüm Səmədov: İsrail Qəzzədə soyqırımı törədir
Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov Qəzzə qətliamına görə xunta İsrail rejimini qınayıb.
Sosial media üzərindən paylaşım edən partiya sədri İsrailin Qəzzədə törətdiyi amansız qətillərini soyqırım adlandırıb. O, Azərbaycan xalqına müraciət edərək sionizm vandallığına laqeyd qalmadan bu qətllərin dayandırılması üçün hər kəsin haqq səsini ucaltmağı onlardan istəyib.
“Azərbaycanda yanlış olaraq İsraili Azərbaycanın dostu kimi təqdim etməyə çalışan media xalqın beynində şübhəli fikirlər yaratmağa çalışır. Guya 44 günlük müharibə İsrailin yardımı olaraq qələbəyə çatıb. Bu fikir kökündən yanlışdır. 44 günlük müharibə və qələbəmiz Azərbaycan xalqının, bütünlükdə bu millətin ortaya qoyduğu iradəsinin nəticəsi idi. O, heç bir kənar qüvvənin müdaxiləsi ilə baş verməyib. İsraildən alınan silahlara gəlincə isə, biz məyər silah aldığımız hər bir dövləti özümüzə dostmu hesab etməliyik? Pulumuzu vermişik, silahımızı almışıq. Bunun dostluqla nə kimi əlaqələri ola bilər?”.
Partiya sədri onu da qeyd edib ki, İsraildən alınan bir çox kodlaşdırılmış silahlar müharibə zamanı istifadə oluna bilməyib.
Sözünün sonunda o, Azərbaycan xalqınnın işğaldan əziyyət çəkən bir xalq olduğunu bildirərək Fələstin xalqına dəstəyini təbii hesab edib.