Apr 19, 2024 13:31 Asia/Baku
  • ABŞ və fransa münaqişənin bitməsini istəmirlər

Deputat Ceyhun Məmmədov parlamentdəki çıxışında rusiyalı sülhməramlıların Azərbaycan ərazilərini tərk etməsindən ABŞ-ın narahatlığını Vaşinqtonun riyakarlığının əlaməti hesab edib.

“Rusiya sülhməramlılarının Qarabağdan çıxmasına Amerikanın reaksiyası ciddi təəssüf doğurur. Dövlət Departamentinin nümayəndəsinin bu məsələni şərh edərkən Rusiyanın “etibarsız müttəfiq olduğunu” bildirməsi, sülhməramlıların Qarabağdan çıxmasını alqışlamaması, əksinə, mənfi tərzdə şərh etməsi Amerikanın riyakarlığının göstəricisidir”,- Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, bu, bir daha onu göstərir ki, Amerika və Fransa münaqişənin həllinin ən böyük əleyhdarlarıdır, onlar münaqişənin bitməsini istəmirlər:

“İndiyədək dünyanın bütün bölgələrindən Rusiyanı sıxışdırmağa çalışan ABŞ Qarabağdakı sülhməramlılara yanaşmada fərqli mövqe ortaya qoydu. Dəfələrlə Rusiyanı Dnestryanı, Abxaziya, Cənubi Osetiyadan sülhməramlı kontingentini çıxarmağa çağıran, 2022-ci ilin yanvarında KTMT qüvvələrinin Qazaxıstandan çıxarılmasını alqışlayan ABŞ bu dəfə məyusluğunu nümayiş etdirdi. Əslində, Amerika münaqişənin başa çatması, sülhün bərqərar olması və sülhməramlı missiyanın çıxmasını alqışlayaraq Azərbaycanı təbrik etməli idi. Əks mövqe ortaya qoyması bir daha göstərir ki, Amerika regionda davamlı sülhün təmin olunmasında maraqlı deyil və öz geosiyasi məqsədlərini güdür”,- deputat bildirib.

“Biz 2023-cü ilin antiterror tədbirlərindən bir neçə gün əvvəl - sentyabrın 17-də İstanbulda Qarabağla bağlı gizli ABŞ-Rusiya-Aİ görüşünü də yaxşı xatırlayırıq. Bu görüş Amerika və Qərbin Azərbaycanın öz suverenliyini tam bərpasına imkan verməmək üçün hətta özünün əsas rəqibi olan Rusiya ilə belə sövdələşməyə hazır olduğunu göstərdi”,- Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov deyib.

 

 

Teqlər