Moskva ilə Bakı arasında diplomatik böhran dərinləşir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub.
Nazirlikdən bildirir ki, görüş zamanı Rusiya mətbuatında, eləcə də Rusiyanın bəzi rəsmi dairələri tərəfindən dezinformasiya xarakterli, Azərbaycanı hədəf alan yazıların dərc olunması, reportajların yayımlanmasının anlaşılmazlıq yaratdığı, bunun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırılıb.
Yerli mətbu orqanında “Rus evi” ilə bağlı məlumata gəldikdə, bunun rəsmi mövqe olmadığı, bu kimi təşkilatların Azərbaycan ərazisində fəaliyyətinin qarşılılıq prinsipinə əsaslandığı və qanunvericiliyin tələblərinə uyğun aparılmasının vacib olduğu bildirilib.
Qeyd edək ki, bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin yanvarın 27-də Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayevi Rusiya Xarici İşlər Nazirliyinə dəvət edib, Azərbaycan mətbuatında son vaxtlar Rusiya əleyhinə olan bir sıra nəşrlər, eləcə də Bakıda “Rus Evi”nə qarşı aparılan dezinformasiya kampaniyası ilə bağlı çaşqınlıq ifadə olunub.
Qeyd edək ki, son zamanlar Azərbaycanda hakimiyyətyönlü KİV-lərdə Rusiya, o cümlədən Bakıda illərdir fəaliyyət göstərən “Rus Evi” ilə bağlı şərhlərə əsasən iki ölkə arasında müasibətlərdə soyuqluq hiss olunduğunu demək olar.
Müşahidələr onu deməyə əsas verir ki, Azərbaycan mediasında İran İslam Respublikası və Rusiyanın eyni vaxtda hədəf alınması təsadüfi ola bilməz və bu düsturun vahid mərkəzdən verilməsi təəssüratını yaratmaqla bərabər, Bakının xarici siyasətində problem yaşandığına işarədir. Həmin mərkəz əslində Rusiya və İrandan düşmən obrazı yaratmaqla Azərbaycan Respublikasının 3+3 formatında regional əməkdaşlığına xələl gətirməyə, bu dövləti təcrid edib zəiflətməyə çalışır.