Azərbaycan həbsxanalarında acınacaqlı vəziyyət hökm sürür
1 ayda 10 məhkum ölüb
Yanvarın əvvəlindən indiyədək Azərbaycan respublikasındakı cəzaçəkmə müəssisələrində 10 məhkumun öldüyü bildirilir.
Bu barədə vəkil Zibeydə Sadıqova sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, ölüm hallarının xəstəlikdən olduğu qeyd edilir.
Vəkil qeyd edib ki, cəzaçəkmə müəssisələrində və təcridxanalarda müalicə problemləri ilə üzləşdiyimiz barədə yazmışdım. Hələ də dəyişiklik yoxdur.
Hüquq müdafiəçiləri və ya məhbusların özləri həbsxanalarda ölüm hallarının artmasını əsasən məhkumlara işgəncə verilməsinin nəticəsi kimi qiymətləndirirlər.
Bu yaxınlarda Abzas-medianın direktoru, jurnalist Ülvi Həsənli həbsdən göndərdiyi məktubda orada şahidi olduğunu dediyi işgəncə halları barədə öz məktubunda yazıb: “Əvvəlcə işgəncələrin sadəcə səslərini eşidirdim: sillə, təpik, yumruq, dubinka, söyüş, təhqir. Sonra isə qeyri-insani rəftar və işgəncə hallarını öz gözlərimlə görməyə başladım: döymək, məhbusu qandalla korpuslarda dəmir barmaqlıqlar olan arakəsmələrdən asmaq”.
2024-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası Azərbaycan həbsxanalarında işgəncə və qəddar rəftarla bağlı qətnamə qəbul edib.
Sənəddə deyilir ki, dəhşətli işgəncə üsullarından - elektrik cərəyanı vermək, dırnaqları çıxarmaq, suda boğmaq, gözləri bağlamaq, cinsiyyət orqanlarının dartılması, zorlama, başqalarının yanında ailə üzvlərini zorlamaqla hədələmək və sairə işgəncə əməllərinə rast gəlinir.
AŞPA qətnaməsində Azərbaycana qarşı, xüsusilə "Tərtər" işilə bağlı qeyri-insani rəftar iddiaları yer alıb.