İtkin düşmüş neftçidən xəbər yoxdur, qaz itkisi də davam edir
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi “Günəşli” yatağındakı 10-cü özül baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlərini davam etdirsədə, yanğını hələ ki söndürə bilməyib, itkin düşmüş 23 neftçidən də xəbər yoxdur.
Dekabrın 4-də baş vermiş yanğında 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.
Xarici mütəxəssislərin də iştirakına baxmayaraq, dekabrın 4-dən davam edən yanğının lokallaşdırılması hələ ki mümkün olmayıb. Bu müddətdə insan itkisi ilə yanaşı, iqtisadi zərərlər də qeydə alınıb.
Ekspert İlham Şaban deyib ki, baş verən yanğının iqtisadi zərərsiz ötüşməsi mümkün deyil: “Nəzərə alaq ki, “Günəşli” yatağında neftlə bağlı ziyan qeydə alınmayıb. Məlumatlarda da qeyd edildiyi kimi, oradakı 24 neft quyusu qaz-neft metodu ilə hasil edilirdi. Köhnə quyular olduğundan ora texniki qaz vurulmasa, neft platformanın üstünə qalxmaq iqtidarında deyil. Quyulara qaz vurulması qəza baş verdiyi ilk gündən dayandırıldığından orada yanan yalnız qalıq neft olub. Platformada 1 gündə 920 ton neft çıxarılıb. Ərazidə 4 qaz quyusu olub. Davam edən yanğında həmin quyular yanır”.
İlham Şabanın bildirdiyinə görə, yanğının söndürülməsi zamanı diqqət ediləcək əsas məqam ekoloji fəsadlara yol verilməməsidir.
Ekspert qaz itkiləri ilə bağlı təxmini hesablamalarını açıqlayıb: “Gündə təxminən 1 milyon kubmetr qaz hasil edildiyini nəzərə alsaq, 7 gün ərzində 7 milyon kubmetr edir. Bu isə Azərbaycan miqyasında böyük həcm deyil. Çünki yalnız “Şahdəniz” platformasında bir gün ərzində 29 milyon kubmetrdən də çox qaz hasil edilir. Ölkə üzrə isə 55 milyon kubmetr qaz hasilatı gerçəkləşir.
Təbii ki, orada sərf edilən əmək, avadanlıqların dəyişilməsi vəsait tələb edir. Ən əsası insan itkisidir ki, bunu hansısa vəsaitlə əvəz etmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, onlar küçədən keçən yox, bu sahənin mütəxəssisləri idilər. Onların yerini doldurmaq lazımdır. Bu cür mütəxəssislərin tapılması özü də böyük zaman tələb edəcək”. – tanınmış ekspert İlham Şaban belə deyib.