Dek 12, 2015 08:47 Asia/Baku
  • “Neft Daşları”nda itkin düşən neftçinin ailəsinə təzyiq olub
    “Neft Daşları”nda itkin düşən neftçinin ailəsinə təzyiq olub

“Neft Daşları”nda itkin düşən neftçinin ailəsinə təzyiq göstərilib.

Dekabrın 4-də Bakı vaxtı ilə saat 12:30 radələrində güclü tufan nəticəsində “Neft Daşları” NQÇİ-nin 501 saylı özülündən köşk qarışıq dənizə düşən və hələ də tapılmayan neftçi Rövşən Nadir oğlu Məmmədovun yaxınları Azərbaycan Respublikası Prezident Administrasiyasına və Nazirlər Kabinetinə müraciət edib.

Bu barədə virtualaz.org saytına Rövşən Məmmədovun həyat yoldaşı Aynur Məmmədova məlumat verib.

Aynur Məmmədova deyib ki, Dövlət Neft Şirkətindən isə onlara itkin düşən neftçilərin axtarılması ilə bağlı yaradılan operativ qərargaha müraciət etməyi məsləhət görüblər: “Rövşənin anası, yəni qayınanam Mirvari Məmmədova qərargahda oğlunu soruşub, axtarışların davam edib-etmədiyini öyrənməyə çalışıb. Dedilər ki, biz sizin oğlunuzu haradan tapaq?

Dekabrın 9-da Milli Məclisə getdik, oradan bizi operativ qərargahın Elnur Budaqov adlı əməkdaşının yanına göndərdilər. Orada isə dedilər ki, Budaqov yoxdur, nahardan sonra gələcək. 5 dəqiqədən sonra bir nəfər yaxınlaşdı və bizə səbr etməyi məsləhət gördü. Biz isə şübhələndik və ondan sənədini verməyi xahiş etdik. Bəlli oldu ki, o, Elnur Budaqov deyil. Bu zaman qalmaqal yarandı, həmin kişi qadını və bizi itələyib qaçdı. Qayınanam Mirvari Məmmədovanın ürəyi getdi, yıxıldı. Qayınanamla baldızımın ürəyi getdiyi üçün təcili yardım çağırdıq. Özünü Elnur Budaqov kimi təqdim edən şəxsin şəklini çəkmək istədim. Amma qərargahdakı qadın məni də vurdu. Biz səs-küy salaraq qərargah rəisini tələb etdik. Bundan sonra Nərimanov Rayon Polis İdarəsi 18-ci polis bölməsinə şikayət etdik”.

A.Məmmədova bildirdi ki, dünən səhər ARDNŞ-in işçiləri gəlib, ailə ilə maraqlanıb: “Çəkdiyimiz şəkilləri onlara təqdim etdik. Dövlət Neft Şirkətindən gələn şəxslər isə məsələ ilə bağlı araşdırma aparılacağını dedilər”.

Şikayətçinin sözlərinə görə, qərargah rəisindən onlarla belə rəftar edənlərin üzr istəmələrini tələb ediblər: “Həmin adamın kim olduğunu öyrənə bilmədik. Mühafizəçilər bizi itələyib çölə çıxardılar. Neft Şirkəti ilə qərargah arasında qalmışıq. Bizə hələ də xəbər vermirlər. Biz isə ondan xəbər gözləyirik. Hər gün cavab gözləyirik”.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı da virtualaz.org saytına açıqlamasında itkin neftçinin ailəsi ilə kobud rəftar edildiyini təsdiqlədi: “Neftçinin ailəsi bizə də müraciət edib”.

Qeyd edək ki, Məmmədovlar ailəsi operativ qərargahın keçirdiyi mətbuat konfransında da narazılığını bildirmək istəyib. Lakin onların jurnalistlərə yaxınlaşmalarına icazə verilməyib.

Teqlər