Azərbaycan prezidenti:“İş adamlarına daha da yaxşı şərait yaradılmalıdır”
-
Azərbaycan prezidenti:“İş adamlarına daha da yaxşı şərait yaradılmalıdır”
“Azərbaycanın iş adamları ilk növbədə Azərbaycana sərmayə qoymalıdırlar ki, bu sahədə biz qısa müddət – bir-iki il ərzində öz ehtiyaclarımızı tam bağlaya bilək. Vəzifə bundan ibarətdir”. Azərbaycan prezidenti İlham əliyev belə deyib.
APA-nın məlumatına görə, Azərbaycan Respublikası prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə bildirib ki, qeyri-neft sektorunun inkişafı imkan verəcək ki ölkə idxaldan asılı olmasın: “Belə olan halda qiymətlərin tənzimlənməsi də lazımi səviyyədə təmin ediləcək. Mən qeyd etdim ki, biz görülən tədbirlər nəticəsində unun qiymətini əhəmiyyətli dərəcədə aşağı sala bildik. Ancaq biz özümüzü unla, taxılla tam təmin edə bilmirik. Ona görə müəyyən dərəcədə problemlər yaranır. Ancaq bu gün yaradılan iri fermer təsərrüfatları, taxılçılıqla məşğul olan təsərrüfatlar və yeni yaradılacaq müəssisələr qısa müddət ərzində bu problemin həllinə kömək göstərməlidirlər”.
Prezident qeyd edib ki, dövlət öz tərəfindən lazımi tədbirləri görür: “Fermerlər də bu işlərə fəal qoşulublar. Bank sektorunun əlbəttə ki, burada çox böyük rolu olacaq. Əminəm ki, bank sektorunun tənzimlənməsi prosesi başa çatandan sonra bank sektoru bu sahəyə xüsusi diqqət göstərməlidir. Bu, mənim onlara göstərişimdir. Dövlət özəl banklara kömək göstərir, onları bəzi hallarda xilas edir. Onlar da öz növbəsində dövlətin maraqlarını təmin etməlidirlər. Onlar dövlətə lazım olan sahələrə investisiya yatırmalı, kredit verməlidirlər. Qeyri-neft sektoru dedikdə əlbəttə ki, mən ilk növbədə kənd təsərrüfatı, sənaye istehsalı və emal sənayesini nəzərdə tuturam. Bu istiqamətlərə əlavə vəsait də təmin edilməlidir”.