İranın Şərqi Azərbaycan vilayəti və Naxçıvan istehsal və ixracat sahəsində həmkarlıq edirlər
İranın Şərqi Azərbaycan vilayətinin iqtisadi heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri gedişində müştərək istehsal və ixracat vurğulanıb.
IRNA-nın məlumatına görə, İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayrem dünən İranın Şərqi Azərbaycan vilayətinin 24 nəfərlik iqtisadi heyəti ilə görüşdə deyib: Naxçıvanda müştərək iqtisadi proqramlar Azərbaycan Respublikası, Qafqaz bölgəsi və MDB ölkələrilə daha geniş həmkarlıqlar üçün bir körpü olacaq.
İranın Şərqi Azərbaycan vilayəti valisinin müavini Əli Nəvadad da ikitərəfli həmkarlıq zəminlərinin yaradılması üzrə səylər, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası ilə münasibətlərin inkişafını İran və Şərqi Azərbaycan vilayəti üçün mühüm adlandırıb və ikitərəfli əlaqələrdə yaranmış dəyişiklikdən razılıq edibdir.
İranın Şərqi Azərbaycan vilayətinin iqtisadi heyəti İranın baş konsulu ilə yanaşı Naxçıvan Muxtar Respublikasının Ali Məclisində olaraq, bu məclisin sədr müavinləri Azər Zeynalov və Mir Haşım Seyidovla görüşübdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sədr müavini Azər Zeynalov da kənd təsərrüfatı, dəmiryolu və dərman sahələrində həmkarlıq üçün yaxşı imkanların olmasına toxunaraq, bu sahələrdə əlaqələrin inkişafı zəminini olduqca münasib və faydalı adlandırıb və bu sektorda işlərin asanlaşdırılmasını istəyib.
İranın Şərqi Azərbaycan vilayətinin 24 nəfərlik iqtisadi heyəti bu vilayət valisinin mədəni və iqtisadi işlər üzrə koordinasiya müavini Əli Nəvadadın sədrliyi ilə iki günlük səfər və qarşılıqlı əməkdaşlıqlar perspektivini araşdırmaq məqsədilə çərşənbə günü Naxçıvan Muxtar Respublikasına daxil olub.