Azərbaycan Yaponiya ilə dərman sahəsində əməkdaşlıq edir
https://azeri.sahartv.ir/news/azərbaycan-i233621-azərbaycan_yaponiya_ilə_dərman_sahəsində_əməkdaşlıq_edir
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Yaponiyanın Azərbaycanda dərman istehsalı zavodu tikəcəyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2016 05:19 Asia/Baku
  • Azərbaycan Yaponiya ilə dərman sahəsində əməkdaşlıq edir
    Azərbaycan Yaponiya ilə dərman sahəsində əməkdaşlıq edir

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Yaponiyanın Azərbaycanda dərman istehsalı zavodu tikəcəyini bildirib.

APA-nın məlumatına görə, bu haqda Azərbaycanda səfərdə olan Yaponiyanın “Nipro Pharma” və “JGC” dərman şirkətlərinin nümayəndələri məlumat veriblər.  

“Nipro Pharma” dərman şirkətinin vitse-prezidenti Satoshi Kavamura bildirib ki, zavodun tikintisinə başlamazdan Azərbaycanda hansı dərmanlara nə qədər tələbatın olması, hansı preparatların istehsalının məqsədəuyğun olması və bir sıra bu kimi məsələlərlə bağlı araşdırma aparılmalıdır.

S. Kavamuranın sözlərinə görə, ilk növbədə Azərbaycanda Nipro Pharma dərman şirkətinin 300-ə yaxın məhsulunu istehsal etməyi planlaşdırılar: “Əgər həmin məhsullardan əlavə preparatlara tələbat olarsa, Yaponiyada Nipro Pharmanın partnyoru olan çox sayda şirkətlər var ki, onlar da öz məhsullarını burada istehsal edə bilərlər və hətta bu barədə düşünürlər”.

S. Kavamura qeyd edib ki, məqsəd təkcə Azərbaycan bazarında olmaq deyil: “İstehsal olunan dərman preparatlarını, eyni zamanda, xarici dövlətlərə də ixrac etməyi düşünürük. Dərmanların keyfiyyəti məsələsi bizim üçün buna görə də prioritetdir. Əgər yüksək keyfiyyətli məhsullar istehsal olunmasa, onları ixrac edə bilmərik. Əlbəttə ki, sırf istehsal baxımından yanaşsaq, Azərbaycanda istehsalın daha ucuz qiymətə başa gələcəyini deyə bilərik. Amma burada digər faktorlar da var. Məsələn, xammal, qablaşdırma məhsulları xaricdən idxal ediləcək. Bundan sonra Azərbaycana daha ucuz qablaşdırma məhsulları gətirmək üçün araşdırmalara başlayacağıq. Əgər bununla bağlı məqsədimizə nail ola bilsək, dərmanların indikindən daha ucuz qiymətə bazara çıxarılmasını təmin edə bilərik”.

Qeyd edək ki, Azərbaycanın dərman bazarının 97% idxala bağlıdır və bu ölkədə qeydiyyata alınan dərmanların 57% Avropada istehsal olunur. MDB ölkələrindən də 26% dərman idxal olunur. Rusiyanın payı 12%-dir. 

Azərbaycanda istifadə olunan dərmanların kiçik bir hissəsi də Asiya ölkələrindən təmin olunur. Buna görə, rəsmi Bakı ölkədə dərman istehsalı üçün xarici şirkətlərlə əməkdaşlığa maraq göstərir.