Azərbaycan beynəlxalq müşahidəçiləri referenduma nəzarətə dəvət etdi
-
Azərbaycan beynəlxalq müşahidəçiləri referenduma nəzarətə dəvət etdi
Azərbaycan Avropa Şurası Parlament Assambleyasından bu ölkədə keçiriləcək konstitusiyaya dəyişiklik referendumuna nəzarət etməsi üçün müşahidəçi heyəti göndərməsini istəyib.
Oxu.az saytının verdiyi məlumata görə, Avropa Şurası Parlament Assambleyası Azərbaycanda keçiriləcək referenduma nəzarət üçün Bakıya müşahidəçi heyəti göndərəcək. Bu heyətə Makedoniyadan olan xüsusi nümayəndə Aleksandr Nikoloski başçılıq edir.
Azərbaycanda konstitusiyaya dəyişikliyin edilməsi üzrə təklif 18 iyulda ölkə prezidenti İlham Əliyev tərəfindən Konstitusiya Məhkəməsinə təqdim edilmişdi.
Referendum aktına əsasən prezidentlik müddəti 5 ildən 7 ilə artırılır və prezident seçilmək üçün yaş həddi də ləğv edilir. Həmçinin, ediləcək əsas dəyişiklik "Vitse-prezidentlik İnstitutu"nun yaradılmasıdır.
Parlamentin buraxılması qaydası, beynəlxalq və dövlətlərarası müqavilələrin imzalanması haqqı, bələdiyyələrin səlahiyyətləri və vəzifələri konstitusiyaya ediləcək digər dəyişikliklər sayılır.
Konstitusiyaya dəyişikliyin edilməsi üzrə referendum 26 sentyabrda keçiriləcək.