Ş. Mustafayev: İran Azərbaycan R-nın mühüm ticarət şərikidir
-
Ş. Mustafayev: İran Azərbaycan R-nın mühüm ticarət şərikidir
Azərbaycan Respublikasının iqtisadiyyat naziri İranı ölkəsi üçün ən mühüm ticarət şəriklərindən biri adlandırıb və iki qonşu ölkənin bəzi iqtisadi layihələrin icrası istiqamətindəki müştərək fəaliyyətini uğurlu adlandırıb.
IRIB-nin Bakı ofisinin məlumatına görə, Azərbaycan Respublikasının iqtisadi heyətinə başçılıq edərək, fevralın 22-dən 24-dək İranda üçgünlük səfərdə olmuş Şahin Mustafayev bu gün Bakıda keçirdiyi mətbuat konfransında bu səfərin nəticələrini açıqlayıb.
O, deyib: Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İran İslam Respublikası ilə əlaqələrə xüsusi əhəmiyyət verir və son üç ildə iki ölkənin prezidentləri yeddi dəfə görüşüblər.
Şahin Mustafayev iki ölkənin ticarət mübadiləsi həcminin yetmiş faizlik artımına işarə edərək, 530-dan çox iranlı şirkətin təqribən iki milyard yeddi yüz milyon dollarlıq sərmayə ilə Azərbaycan Respublikasının iqtisadi sahələrindəki fəaliyyətini xatırladıb.
O, Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarının işə salınmasını iki ölkənin nəqliyyat sahəsindəki uğurlu əməkdaşlığının bariz nümunələrindən adlandırıb və belə deyib: Aparılmış proqramlaşdırmaya əsasən, yaxın gələcəkdə Urmiyyə-Qəbələ və əks istiqamətdə sərnişin hava reysləri reallaşacaqdır.
Şahin Mustafayev deyib: Azərbaycan Respublikası prezidentinin bu ölkədə turizmin genişləndirilməsi barədəki son göstərişinə əsasən, İran vətəndaşları da Azərbaycan Respublikasına səfər etmək üçün üç gün müddətində elektron viza ala bilərlər.
Mustafayev çıxışının digər bir hissəsində həmçinin kənd təsərrüfatı, yeyinti sənayesi, nəqliyyat və turizm sahələrində Azərbaycan Respublikası ilə bu ölkənin qonşuluğunda yerləşən İran vilayətləri arasında həmkarlıq üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb.