Telman Əliyev vəfat etdi
-
Telman Rüstəm oğlu vəfat edib
"Günbatan-News"un Daşdəmirovu sevənlərini kədərə boğdu.
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycan Respublikasının əməkdar artisti Telman Rüstəm oğlu Əliyev ömrünün 69-cu baharında qəflətən vəfat edib.
Telman Rüstəm oğlu Əliyev 1 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni–maarif fakültəsini bitirmişdir.
Telman Əliyevin canlandırdığı və izləyiciləri üçün xoş xatirəyə çevrilən ən maraqlı obrazlardan biri "Günbatan-News"un Daşdəmirovu idi.
1998-ci ildə "Vüsal Günləri" bədii filmi ilə Azərbaycanda geniş tamaşaçı auditoriyası qazanan tanınmış kino-rejissor Qulamrıza Siamizadənin 2011-ci ildə çəkdiyi "Günbatan-News" (öncəki adı "Jurnalistlər") serialı jurnalistika sahəsində mövcud problemlərə satirik bir yanaşma sərgiləyir.
80 bölümdən ibarət olan bu serialın çəkilişi İran, Azərbaycan və Gürcüstanda aparılıb.
Serialda baş rolu canlandıran Telman Əliyev bu obraz ilə onu sevənlərin yaddaşında unudulmaz iz buraxır.
Telman Əliyevin "Günbatan-News" serialında canlandırdığı Güloğlan Daşdəmirov obrazı alverçilik bəzən də qaçaqmalçılıq ilə sərvət əldə etmiş və indi də beynəlxalq bir ticarət şirkəti təsis etmək fikrində olan şəxsdir. Amma, naməlum bir şəxs telefon vasitəsi ilə onunla saxladığı əlaqədə Daşdəmirovdan ticarət şirkəti yerinə qəzet işinə girişməsini istəyir. Əks halda, bunun ona baha başa gələcəyi barədə təhdidlər alan Daşdəmirov qəzet buraxmaq qərarına gəlir. Serialın davamında Daşdəmirov öz bacarıqsızlığı üzündən gülünc vəziyyətə düşərək, satirik və yumoristik səhnələrin yaranmasına səbəb olur.
Daim tamaşaçılarının üzünə təbəssüm qonduran dəyərli aktyor Telman Əliyev öz gedişi ilə sevənlərini kədərə boğdu.
Beynəlxalq Səhər Kanalı mərhumun ailəsinə və Azərbaycan xalqına hüznlə başsağlığı verir.
Allah Rəhmət etsin. Ruhu hər zaman şad olsun.