İtkin düşmüş alpinistlərin axtarışı davam edir
-
İtkin düşmüş alpinistlərin axtarışı davam edir
İtkin düşmələrindən 8 gün ötməsinə baxmayaraq xilasetmə qrupları hələ yoxa çıxan alpinistləri axtarmaqdadırlar.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi internet portalının verdiyi məlumata görə, ikisi kişi biri qadın olmaqla itkin düşmüş üç alpinist 23 dekabrda Quba rayonu xınalıq kəndində Tufandağına çıxmağa başlayıblar ancaq 26 dekabrdan onlarla əlaqə kəsilib. FHN-in xilasetmə qüvvələri bu xəbəri aldıqdan sonra alpinistlərin axtarışına başlayıblar və axtarış əməliyyatından 8 gün keçməsinə baxmayaraq hələ alpinistlərdən əsər-əlamət tapılmayıb.
Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış işlərinə Nazirliyin müvafiq xilasetmə qurumlarının canlı qüvvə və texnikası, xüsusi təlim keçmiş itlər cəlb olunmuşdur. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.
FHN-nin bəyanatında deyilir ki, Axtarışlar yüksək dağlıq ərazidə mürəkkəb meteoroloji şəraitdə aparılır. Bugündən hava şəraiti daha da pisləşmişdir. Axtarış-xilasetmə tədbirlərinin aparıldığı ərazidə güclü külək və qar müşahidə olunur. Meteoroloji şəraitin getdikcə sərtləşəcəyi proqnozlaşdırılır. Lakin buna baxmayaraq, axtarış-xilasetmə tədbirlərinin fasiləsiz aparılması nəzərdə tutulmuşdur.