Erməni qüvvələr Azərbaycanın suvarma idarəsinin yük maşınını atəşə tutublar
https://azeri.sahartv.ir/news/azərbaycan-i305582-erməni_qüvvələr_azərbaycanın_suvarma_idarəsinin_yük_maşınını_atəşə_tutublar
Erməni silahlı bölmələri Ağdamda Suvarma İdarəsinin əməkdaşlarının olduğu yük avtomobilini atəşə tutub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 03, 2018 11:17 Asia/Baku
  • Erməni qüvvələr Azərbaycanın suvarma idarəsinin yük maşınını atəşə tutublar

Erməni silahlı bölmələri Ağdamda Suvarma İdarəsinin əməkdaşlarının olduğu yük avtomobilini atəşə tutub.

APA-nın xəbərinə görə, Ağdam rayonunun Çəmənli kəndi ərazisində nasaz olan su artezian quyusunu təmir etməyə gedən işçilər düşmən tərəfindən atəşə məruz qalıb. KamAZ  markalı avtomobil güllə-baran edilib.

İdarənin maşında olan 5 əməkdaşı xəsarət almasa da, avtomobil yararsız hala düşüb. Hazırda maşın hadisə yerindən çıxarılır.

Ağdam Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə bildirib ki, ərazidə yüzlərlə artezian quyusu var. Ermənilər kənd sakinləri ilə yanaşı, ərazidə fəaliyyət göstərən işçiləri də atəşə tuturlar.

Azərbaycan Müdafiə Nazirliyindən faktı təsdiq edərək bildiriblər ki, bu, Ermənistan tərəfindən mülki əhalinin hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş məqsədyönlü təxribatıdır: "Cəbhə xəttində vəziyyət tam nəzarət altındadır".

Azərbaycan Müdafiə Nazirliyi həmçinin başqa bir məlumatda bildirib ki, Ermənistan silahlı qüvvələri ötən sutka ərzində Qazax, Bərdə, Tərtər, Gədəbəy, Tovuz və Xocavənd rayonlarının yüksəklikləri və kənd ərazilərində atəşkəs rejimini 81 dəfə pozublar.