Ramiz Mehdiyev vəzifəsindən azad edilib
-
Ramiz Mehdiyev vəzifəsindən azad edilib
Azərbaycan Respublikası prezidenti kadr dəyişikliyi ilə bağlı yeni sərəncam imzalayıb.
İlham Əliyevin sərəncamı ilə Ramiz Mehdiyev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib,“Heydər Əliyev” ordeni ilə təltif edildikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təyin olunub.
Ramiz Mehdiyev 4 fevral 1994-cü ildən Prezident Administrasiyasına rəhbərlik edirdi. O hazırkı iqtidarın əsas aparıcı fiqurlarından biri kimi tanınıb.
Azərbaycan Respublikasının prezidenti oktyabrın 21-də baş nazirin müavinləri Hacıbala Abutalıbov və Əli Həsənovu ərizələrinə əsasən, vəzifələrindən azad etdi.
İlham Əliyev oktyabrın 22-də Şahin Mustafayevi baş nazirin müavini, oktyabrın 23-də isə Mikayıl Cabbarovu iqtisadiyyat naziri təyin etdi.
Prezident öncə kölgə iqtisadiyyatı, inhisar və haqsız rəqabətlə mübarizədən bəhs edib: «Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır», - o vurğulayıb.
Əliyevin sözlərinə görə, bəzi şəxslər islahatlara qarşı çıxır. O, məmurlari pis vərdişlərdən əl çəkməyə çağırıb: “Biznes dairələri bilməlidirlər ki, ölkədə vahid qanunlar, vahid qaydalar mövcuddur. İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır. Bəzi hallarda dövlət məmurları, hansılar ki, eyni zamanda, müxtəlif biznes dairələrinə də kömək göstərirlər, haqsız rəqabət aparırlar. Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır.”