AİP lideri Mövsüm Səmədov keçiriləcək seçki barədə açıqlama verib
-
AİP lideri Mövsüm Səmədov keçiriləcək seçki barədə açıqlama verib
Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı müraciət ünvanlayıb, Bildirib ki, milli mənəvi dəyərlər əsas tutularsa seçkilərdə ciddi dönüş yarana bilər.
Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov seçkilərlə bağlı müraciət ünvanlayıb. Müraciət belədir: "Dövlətimiz və cəmiyyətimizin idarə olunmasında ölkənin qanunverici hakimiyyəti müstəsna rola malikdir. İstər icra hakimiyyətinin və istərsə də məhkəmə hakimiyyətinin formalaşması, xalqımızın maraqları və inkişafı çərçivəsindəki fəaliyyəti qanunverici orqandan, xüsusən Milli Məclisin tərkibindən və keyfiyyətindən çox asılıdır."
Mövsüm Səmədov qeyd edib ki, dünyaya inteqrasiyasına, Avropa konvensiyalarının tövsiyyələrinə baxmayaraq, Milli Məclis üzvlərinin qəbul etdikləri qanunlarda Azərbaycan xalqının milli-mənəvi, mental və əsasən də dini dəyərləri müstəsna əhəmiyyətli yer tutmalıdır: "Təəssüflər olsun ki, indiyədək qəbul olunan qanunlar içərisində kifayət qədər mürtəce xarakterlilisi az olmamışdır. Bunun da başlıca səbəbi məhz MM-ə daxil olan dırnaqarası millət vəkillərinin əksəriyyətinin dövlət və xalq təəssübkeşliyindən uzaq olmalarıdır.
AİP lideri bildirir: Nəticə etibarı ilə bütün bunlar ölkədə indiyədək keçirilən parlament seçkilərinin şəffaf və demokratik prinsiplər əsasında keçirilməməsindən irəli gəlmişdir. Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri bu sahədə ciddi dönüş yarada bilər. Bundan ötrü isə seçimdə xalqımız üçün cox mühüm olan bir sıra amillər diqqətlə nəzərə alınmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan əhalisinin 90 faizindən çoxunu müsəlmanlar təşkil edir. Bu baxımdan xalqı təmsil edən millət vəkilləri ən azı təqvalı olmalı və onların hər biri fəaliyyəti dövründə hər an özünü Allahın hüzurunda görməli, əməllərinin nəticəsi etibarı mənəvi məsuliyyət daşımalıdır. Bundan başqa Milli Məclis üzvü geniş dünyagörüşə və zəngin təcrübəyə malik olmalıdır. Xalqın, seçicilərin etimadına ləyaqəti olmayanlar heç zaman məzlum və eyni zamanda ruhi və mənəvi cəhətdən əzəmətli bir cəmiyyətə xidmət etməzlər. Bu şansı qazanmaq üçün millət vəkilinin gündəliyini şəxsi mənfəəti, konyektur marağı, qohumbazlıq və ya tayfabazlıq sindromları deyil, xalqın, seçicilərin problemləri, qanunvericilikdə müsəlman əhalinin milli, dini, sosial, mənəvi, ailə maraqlarının həyata keçməsi doldurmalı, zənginləşdirməlidir.
Dr. Səmədov müraciətinin davamında qeyd edir: İndiyəqədərki seçkilərin nəticələri ilə xalqımız heç zaman barışmamış, razılıq etməmişdir. Millət vəkilləri içərisində səriştəsizlik, hüquqi bilik və bacarığa malik olmamaqlıq, qanunsuz yollarla böyük sərvətlərə yiyələnmək ölkəmizdəki real vəziyyəti dözülməz hala sürükləmişdir. Seçkidə namizəd irəli sürmüş siyasi partiya və ictimai təşkilatlar böhrandan çıxmaq, ədalətli və demokratik bir seçki nəticələri əldə etmək üçün düşünürəm ki, tarixi məsuliyyət daşıyırlar. Mən də xalqımıza ölkəmizdə ədalətli və demokratik prinsiplərə əsaslanan ictimai-siyasi bir mühit formalaşdırmağı arzu edirəm."- Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun seçkilərlə bağlı müraciətində deyilir.