Rusiya XİN Azərbaycanda keçirilən son seçkilərin nəticələrini dəstəkləyib
Rusiya XİN: DTİHB, ATƏT və AŞPA-dan olan müşahidəçilər qərəzli və subyektiv yekun qiymətləndirmələr aparıblar
APA-nın verdiyi məlumata görə, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini şərh edib.
Rusiya XİN-in bəyanatında deyilir: "Təəssüf hissi ilə qeyd edirik ki, DTİHB, ATƏT və Avropa Şurası Parlament Assambleyalarından olan müşahidəçilər qərəzli və subyektiv yekun qiymətləndirmələr aparıblar.
Azərbaycanlı dostlarımızı seçkilərin uğurla keçirilməsi münasibəti ilə təbrik edirik və bildiririk ki, bu, Azərbaycan rəhbərliyinin ölkənin ictimai-siyasi həyatının demokratikləşməsinə və modernləşdirilməsinə yönəlmiş islahatlarına əhalinin dəstəyini göstərir.
Milli Məclisin deputat korpusunun yeni tərkibi və Rusiya Federasiyası Federal Məclisi arasında Rusiya ilə Azərbaycan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq ruhunda sıx və konstruktiv qarşılıqlı fəaliyyətin davam edəcəyini gözləyirik”, - deyə Rusiya XİN bildirib.