İyun 03, 2020 22:25 Asia/Baku
  • 48 hakim məsuliyyətə cəlb edilib

48 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 hakim isə korrupsiya əməllərinə görə istintaqa verilib

SəhərAzəri Trend-ə istinadla xəbər verir, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qəti siyasi iradəsi ilə ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparılır, dövlət başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq ictimai həyatın bütün sahələrində, o cümlədən məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi, korrupsiyaya şərait yaradan halların qarşısının alınması üzrə ardıcıl tədbirlər görülür.
Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasından verilən məlumata görə, dövlət başçısının Sərəncamları ilə Ali Məhkəmənin sədr müavini və kollegiya sədrləri, apellyasiya instansiyası məhkəmələrinin 11 kollegiya sədri, 16 məhkəmə sədrlərinin təyin edilməsi, bəzi hakimlərin iş yerinin intizam qaydasında dəyişdirilməsi, habelə Ali Məhkəmənin 5 hakiminin aşağı işə keçirilməsi və 20-dək yeni nəsl gənc hakimin ali və apellyasiya məhkəmələrinə irəli çəkilməsi mühüm əhəmiyyət kəsb edib.
Mətbuatda xəbər verildiyi kimi ötən ay ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə qarşıda duran vəzifələrə dair Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi və Ali Məhkəmənin sədri Ramiz Rzayevin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib. Ölkənin bütün məhkəmə sədri və müavinləri, kollegiya sədrlərinin iştirakı ilə keçirilən müşavirədə qanunun aliliyinin və qərarların ədalətliliyinin təmin edilməsi ilə bağlı Azərbaycan dövlət başçısının tövsiyələri diqqətə çatdırılmaqla, qanun pozuntularına ciddi reaksiya verilməsi, neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi, hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının alınması üzrə qəti tədbirlər vurğulanıb.
 “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan dövlət başçısının 03.04.2019-cu il tarixli Fərmanına uyğun olaraq 60-dan çox məhkəmədə keçirilən monitorinqlər zamanı insanların haqlı narazılığını doğuran 150-dən artıq halın aşkar edilərək hakim və məhkəmə sədrlərinin diqqətinə çatdırılması, daha kobud pozuntularla bağlı isə intizam icraatlarının başlanıldığı vurğulanıb. Ötən il 48 hakimin intizam məsuliyyətinə cəlb edilməsi, 2 nəfərin səlahiyyətlərinə xitam verilməsi, 7 nəfərin işdən azad olunması, 2 hakim barədə isə materialların korrupsiya əməllərinə görə istintaqa verilməsi və artıq onlardan birinin, həmçinin vasitəçilik etmiş məhkəmə aparatı işçisi və vəkilin cinayət məsuliyyətinə cəlb olunmaqla, məhkum edildiyi qeyd olunub.

Məlumata görə Azərbaycan Respublikası Məhkəmə sistemində hüquq pozuntularının qarşısının alınması və onlara qarşı dözülməz münasibətin təşviqi üzrə tədbirlər davam etdirilir.

Teqlər