Bakı Şəhər Polisi vətəndaşlara qarşı işgəncə və zorakılıq faktlarını təkzib edir
İyunun 8-də polisin xüsusi əməliyyatı zamanı Yeni Yasamal massivinin sakini Kərim Süleymanlının döyülməsi haqqında məlumatlar həqiqətə uyğun deyil. Bu barədə bu gün Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi Elşad Hacıyev bildirib.
SaharAzeri Turana istinadla xəbər verir,Elşad Hacıyev Kərim Süleymanlının sifətindəki xəsarətlərin polis bölməsində yox, saxlanılarkən aldığını deyib. "İddialar üzrə hər bir xüsusat tərəfimizdən yoxlanılıb, onun polis əməkdaşları tərəfindən döyülməsi faktı təsdiqini tapmayıb. İddiaları qəti şəkildə təkzib edirik", deyə mətbuat katibi bildirib.
Kərim Süleymanlı Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsində bir neçə saat döyüldüyünü bildirir.
Zərərçəkmişin üzündə və başında eləcə də bütün bədənində böyük qançılar və sıyrıntıların olduğu deyilir.
Vəkil Cavad Cavadov bildirib ki, müvəkkili bu gün 1 saylı Şəhər Klinik Mərkəzində tibbi müayinədən keçib və onun bədənində müxtəlif xəsarətlər aşkar edilib.
"Biz həkim rəyini aldıq. Rəydə Kərim Süleymanlının bədənin və üzünün müxtəlif yerlərində xəsarətlər olduğu təsdiq edilir", deyə vəkil bildirib.
Onun sözlərinə görə, rəy şikayətə qoşulacaq və onunla birlikdə Baş Prokurorluğa göndəriləcək.
"Hələlik heç bir təhqiqat aparılmayıb. Süleymanlıdan ifadə alınmayıb, o, ekspertizadan keçməyib. Biz araşdırma aparılmasını xahiş edəcəyik", deyə vəkil qeyd edib.
Vəkilin sözlərinə görə, Süleymanlı bu gün özünü pis hiss edib və ona "Təcili yardım" çağırılıb.
Məlumatda deyilir ki, zərərçəkmiş ağciyərindən ciddi əməliyyat keçirib. Onu döyməmələrini xahiş etməsinə baxmayaraq, polis bir neçə saat boyunca işgəncələri dayandırmayıb