London macəraları; 4 milyon da belə getdi
Cəlal Əliyevin qızının milyonları müsadirə olundu
Çirkli pulların hamısı heç də yuyulmur, bəzən Qərb dövlətlərinə qismət olur, ingilislər isə bu işdə ustadırlar.
SəhərAzəri Azadlıq Radiosunun məlumatına istinadla xəbər verir: Azərbaycandan olan milyonçu DJ İzzət Cavadova və əri milyonlarla funt sterlinq pulu Britaniyaya qanunsuz olaraq Azərbaycanın pulyuyan maşını vasitəsilə gətirdiklərini etiraf etdikdən sonra onların hesablarında qalan 4 milyon funt sterlinq Britaniya Milli Cinayət Agentliyi (NCA) tərəfindən müsadirə olunub.
"The Evening Standard" qəzeti yazır ki, NCA-in bu sövdələşməni uğur elan etməsinə baxmayaraq, müsadirə olunmuş 4 milyon agentliyin başlanğıcda iddia etdiyi 14 milyondan çox azdır...
İzzət Cavadova Azərbaycan prezidenti İlham Əliyevin əmisi, mərhum Cəlal Əliyevin qızıdır.
Qəzet yazır ki, pulun qalan hissəsi artıq cütlüyün hesablarından çıxıb və həmin vəsait məhkəmə sövdələşməsinin hədəfi olmayıb.
Azərbaycanın dövlət rəsmiləri bu məlumata münasibət bildirməmişlər.