Professor Elşad Məmmədov:
Yeni iqtisadi idarəetmə modelinin Azərbaycanda tətbiqi zəruridir
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, ölkənin enerji sektorundan asılılığı aradan qaldırılmalıdır və bunun alternativi yoxdur
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a verdiyi müsahibədə deyib ki, dünya iqtisadiyyatında böhranın dərinləşməsi və pandemiyanın yaratdığı çətinliklər Azərbaycan iqtisadiyyatındakı problemləri də dərinləşdirməkdədir.
Professora görə yaranmış vəziyyət Azərbaycan Respublikası iqtisadiyyatının şaxələndirilməsi məsələsini prioritetə çevirir. Ölkənin enerji sektorundan asılılığı aradan qaldırılmalıdır və bunun alternativi yoxdur.
Professor Elşad Məmmədov atılmalı olan konkret addımlara da toxunub. O: “ Bu baxımdan ixrac istiqamətlərinin şaxələndirilməsi zərurətdir. Bunun üçün ilk növbədə ölkədəki iqtisadi idarəetmə modelində köklü dəyişikliklər edilməsinə ehtiyac var. Yeni iqtisadi idarəetmə modelinin Azərbaycanda tətbiqi zəruridir”.-deyə bildirib.
Xatırladaq ki, Asiya İnkişaf Bankı (ADB) son günlər məlumat yayaraq bildirib ki, COVID-19 Azərbaycan və Qazaxıstan iqtisadiyyatlarının əhəmiyyətli dərəcədə kiçilməsinə səbəb olub. Hər iki ölkə təbii ehtiyatlarla zəngin olsalar da, COVID-19 pandemiyası kimi iqtisadi sarsıntılar bir daha göstərdi ki, iqtisadiyyatın bir ixrac məhsulundan asılılığını azaltmaq və daha dayanıqlı olmaq üçün iqtisadi şaxələndirmənin genişləndirilməsi vacibdir.