Azərbaycanlı ekspert Türkiyə iqtisadiyyatının üzləşdiyi durumu şərh edib
Azərbaycanda Ərdoğanın iqtisadi modeli sıradan çıxmaqdadır
İqtisadçı Azərbaycanda Ərdoğanın xüsusilə sevilən iqtisadi modelinin sıradan çıxmaqda olduğunu bildirdi.
SəhərAzəri-nin məlumatına əsasən, Qaşqay İsmayıl Facebook üzərindən yaydığı məqaləsində yazıb: Artıq əminliklə demək olar ki, Azərbaycanda Ərdoğanın xüsusilə sevilən iqtisadi modeli sıradan çıxmaqdadır. Türkiyənin sürətli inkişafı xarici kapitalın axını ilə birbaşa əlaqəliydi. Bu pullar hesabına əhalinin rifahı yaxşılaşır, iqtisadi artım baş verir, yollar, körpülər, aeroportlar tikilirdi. Lakin xarici mənbələrdən axan pullar artıq dayanmaqdadır və investisiyların həcmi azalır. Hazırda Türkiyənin nominal Ümumi Daxili Məhsulunun həcmi 720 milyard dollar təşkil edir, valyuta ehtiyatları 63 milyard dollar, dövlət borcu 230 milyard dollar, təmiz xarici borcu isə 165 milyard dollardır. Böyük siyasi ambisiyaları olan bir ölkə üçün təmiz xarici borcun 165 milyard dollar təşkil etməsi, ağır yükdür. Həmçinin ticarət balansı mütəmadi olaraq mənfidir və bu il ticarət balansı mənfi 4.3 milyard dollar təşkil edib, Işsizlik isə 13 faizə çatır
Bu rəqəmlər göstərir ki, vaxtilə ciddi iqtisadi uğurlar əldə etmiş Ərdoğan Türkiyəsi artıq öz imkanlarının son həddinə çatıb. Belə olduqda, hakim rejim üçün xarici qələbələr və digər ölkələrə iqtisadi ekspansiya hava-su kimi vacibdir, çünki hadisələrin bu məcrada davam etməsi hakim rejimin dəyişməsini labüd edir. Türkiyədə sürətlə dərinləşən böhranın nəticələri Azərbaycan üçün ağır nəticələrə gətirib çıxara bilər.