Partiya sədri əhaliyə qazın baha satılmasını tənqid edib
“xalqa öz sərvətini gürcülərdən 1,6 dəfə baha satmayın”
Qubad İbadoğlu əhaliyə öz sərvətininin gürcülərdən 1,6 dəfə baha satılmasını tənqid edib.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADRP) sədri Qubad İbadoğlu Qubad İbadoğlu sosial şəbəkədə yazdığı məqalədə bildirib ki, Azərbaycanın öz əhalisinə satdığı qaz Gürcüstana satdığı qazdan bahadır, Türkiyə və Bolqarıstana satdığı qazın qiymətiylə isə demək olar ki, eynidir.
Ekspert sual edib: Necə ola bilər ki, Gürcüstana yüz kilometrlər daşınan qazın qiyməti Bakıda satılan qazın qiymətindən 55,4 dollar ucuz, Türkiyə və Bolqarıstana min kilometrlərlə daşınan qazın qiyməti isə Bakıda satılan qiymətə bərabər olsun? Heç olmazsa ədalətiniz olsun, Azərbaycan xalqına öz sərvətini Gürcüstanla müqayisədə 1,6 dəfə baha satmayın!”
Qubad İbadoğlu qeyd edib ki, hökumətin bu məsələni inkar edəcək və ya əsaslandıracaq heç bir arqumenti yoxdur.
ADRP lideri onu da vurğulayıb ki, Azərbaycan hakimiyyəti səmt qazını BP-dən havayı alıb, öz xalqına gürcülərdən 1,6 dəfə baha qiymətə satır.
Xatırladaq ki, BP şirkəti Xəzər dənizində istismar etdiyi neft quyularından çıxan səmt qazını toplayaraq, SOCAR-a pulsuz verir. Bəzi məlumatlara görə, həmin səmt qazının illik həcmi 2 milyard kub metr təşkil edir. Bu rəqəmə əsaslanarsaq, o zaman belə anlaşılır ki, SOCAR hər il ölkənin daxili tələbatının təxminən 35-40 faizini, əhaliyə satılan təbii qazın isə 80 faizə qədərini pulsuz əldə edir.