Dek 14, 2021 14:47 Asia/Baku
  • Sabir Məmmədli: Separatçı rejimin istənilən fəaliyyətinin hüquqi əsası yoxdur

Bakı Dövlət Universitetinin dosenti, siyasi elmlər doktoru Sabir Məmmədli Səhər Kanalı üçün yazdığı şərhdə erməni separatçılarının polis qoşunu yaratmaq cəhdlərinin əbəs addım olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, universitet müəllimi öz şərhində yazır: "Yuxarı Qarabağdakı qondarma, separatçı rejimin istənilən fəaliyyətinin hüquqi əsası yoxdur. Çünki bütün beynəlxalq sənədlər, o cümlədən BMT qətnamələri, Avropa Şurası, Avropa İttifaqının qərarları bu əraziləri Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edir. Odur ki, erməni separatçılarının “parlamentinin” hər-hansı “qanun” qəbul etmək və başqa fəaliyyət göstərməsi qeyri-qanunidir."

Sabir Məmmədli hesab edir ki, yeni təyinatlı polis dəstəsinin yaradılması ilk növbədə qondarma rejim rəhbərlərinin sadə əhali qarşısındakı qorxusundan irəli gəlir. "Onlar başa düşürlər ki, bir müddətdən sonra sadə ermənilər Azərbaycana loyal münasibət bəsləyəcəklər, onun qanunlarına tabe olacaqlar, gələcəkdə vətəndaşlığını qəbul edəcəklər. Ermənilərin bu cür müraciətləri artıq xırda-xırda sızmaqdadır. Zira Qarabağda olan erməni əhalisi daimi işsiz oturub, yalnız Rusiyanın və Ermənistanın humanitar yardımı ilə yaşaya bilməz. Bundan başqa terrorçu rejim öz aqibətindən qorxur. Eyni zamanda separatçıların aparıcı qüvvələri öz məqsədlərindən, yəni Azərbaycandan ayrılmaq məqsədlərindən hələ də əl çəkmək istəmirlər. Bütün bunlara açıq və gizli dəstək verən isə Rusiyadır. Amma ermənilər başa düşmürlər ki, Rusiya onları yalnız maşa kimi istifadə edir, bununla da Cənubi Qafqazda öz mövcudluğunu uzadır", - deyə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının dosenti öz şərhində qeyd edir. 

Teqlər