Dek 28, 2021 12:27 Asia/Baku
  • Jurnalistlər Azərbaycan parlamentinin qarşısında piket keçiriblər

Dekabrın 28-də bir qrup jurnalist Milli Məclisin binası qarşısında ikinci oxunuşda qəbul edilən "Media haqqında" Qanun layihəsinə etiraz olaraq aksiya keçirib.

SəhərAzəri Turan Xəbər Agentliyinə istinadla xəbər verir ki, jurnalistlər “Mürtəce qanuna yox!”, “Azad mətbuat!”, “Reyetsrini də götür get!" kimi şüarlar səsləndirib. Bundan əlavə, aksiya iştirakçıları “free media” yazılmış tibbi maskalar taxıb. 

Polis aksiyaya mane olmağa çalışıb, nəhayətdə aksiya iştirakçılarını dövrəyə alaraq dayanıb. 

Məlumatda deyilir ki, jurnalistlər Milli Məclisi qanun layihəsini hazırki formada qəbul etməməyə çağırıb. 

Aksiya iştirakçıları bəyan edib ki, sözügedən qanun layihəsi Azərbaycan Respublikasının Konstitusiyasına və Avropa İnsan Hüquqları Konvensiyasına ziddir. Ona görə də yeni qanun layihəsinə düzəlişlər edilməli və ictimaiyyətə açıq olmalıdır.

Araşdırmaçı jurnalist Xədicə İsmayıl deyib ki, qanun qəbul olunarsa hər gün onları məhkəməyə verəcək.

Jurnalsitlər aksiyanın qətnaməsini Milli Məclisin məktublar şöbəsinə təqdim edib. 

Qeyd edək ki, bu gün, dekabrın 28-də isə Milli Məclisin iclasında sədrin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, "Media haqqında" qanun layihəsi öncəki iki qanunun əsasında hazırlanıb. Onun fikrincə, adıçəkilən qanun layihəsini yenidən Avropa Şurasının Venesiya Komissiyasına göndərməyin heç bir mənası yoxdur.

"Media haqqında" yeni qanun layihəsində ölkədə jurnalistlərin reyestrinin yaradılması nəzərdə tutulur. Sənəddə Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi və digər məsələlər öz əksini tapıb.

Teqlər