Yan 20, 2022 13:53 Asia/Baku
  • Bu gün 20 yanvar faciəsinin ildönümü günüdür

Bu gün Azərbaycan Respublikası xalqı 20 yanvar şəhidlərinin xatirəsini yad edir.

SəhərAzəri-nin məlumatına əsasən,32 il əvvəl sovet ordusu hissələrinin Bakıya daxil olması dinc əhali arasında çoxsaylı tələfata səbəb olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o zamankı SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu korpusu yeridilib. Aksiyada məqsəd Azərbaycanda kommunist rejimini xilas etmək və milli-azadlıq hərəkatını boğmaq idi.

Bu vəhşi əməliyyat SSRİ Müdafiə Nazirliyi, DİN və DTK tərəfindən hazırlanaraq həyata keçirilmişdi və "Zərbə" adlanırdı. Əməliyyatda əsas rolu "ALFA" xüsusi təyinatlı qrup və SSRİ DTK-nın təxribat qrupları oynayırdı.

Bakının işğalı nəticəsində 134 mülki şəxs öldürülüb, 700-dən çox adam yaralanıb. Daha 13 nəfər Neftçala və Cəlilabadda həlak olub.

Qeyd edək ki, keçmiş SSRİ və Azərbaycan SSR-nin rəhbərliyindən heç kim yanvar faciəsinə görə məsuliyyətə cəlb olunmayıb.

Bu gün  səhər tezdən minlərlə adam 1990-cı il yanvarın 19-20-də şəhid olanların xatirəsini anmaq üçün Şəhidlər Xiyabanına gedir.

Ölkə məscidlərində "qara yanvar" qurbanlarının xatirəsi ilə bağlı tədbirlər keçirilir.

 

 

Teqlər