Tahir Kərimli ağlını itirib? +VİDEO
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli sosial şəbəkələr üzərindən paylaşdığı videosu ilə iki gündür ki, müzakirə predmetinə çevrilib.
SəhərAzəri-nin məlumatına əsasən, deputatın ölümlə hədələndiyini iddia etməsi və bu barədə emosional çıxışı birmənalı qarşılanmayıb. Üstəlik, həmin videoda deputatın əlində oyuncaq tutması onun psixoloji durumunun yerində olmaması barədə fikirlərin yaranmasına səbəb olub.
Əksər rəylərdə bildirilir ki, onun psixoloji problemləri var.
Həmişə iqtidara dəstək vermiş və çox xırda tənqidləri də ölkə başçısını həddindən artıq tərifləməklə açıqlayan Tahir Kərimli ölümlə hədələnməsini iddia edir. Sual yaranır ki, onu kim hədələməlidir? Hansı bəyanatı və yaxud fəaliyyəti onun ölümlə hədələnməsinə səbəb ola bilər? Tahir Kərimli hədələnməsi ilə bağlı video-çıxışından bir neçə saat əvvəl, parlamentin iclasında Azərbaycanda tətbiq edilən cərimələr və əhali üçün qaz tariflərinin fantastik baha olması ilə bağlı çıxış edib. Bu çıxış heç də iqtidara yaxud hansısa dövlət qurumuna qarşı qıcıq doğuracaq bir tənqid hesab olunmur.
Tahir Kərimlinin qəflətən gülünc formada əlində bir kukla tutub bir video çəkib paylaşması cəmiyyətdə çaş-başlıq yaradıb. O son vaxtlar səhv çıxışlarına görə Parlament Sədrindən üzr də istəmişdi. İndi bəziləri onun ağlını itirdiyini deyirlər.
Psixoterapevt Elmir Əkbər yenimusavata müsahibəsində deyib ki, Tahir Kərimli auditoriyanı o qədər də intellektual, dərin qiymətləndirmədiyinə görə bu tərzdə davranıb.
Psixoterapevtə görə, təkcə, Tahir bəy deyil, bütün siyasətçilərin yaxşı olardı ki, peşəkar xidmət göstərsinlər deyə özlərinin müraciət etdikləri psixoterapevtləri olmalıdır.
Tahir Kərimlinin deputat həmkarı Razi Nurullayev isə Tahir Kərimlinin emosional adam olmasına diqqət çəkərək onun müəyyən qədər sakitləşməyə, istirahətə ehtiyacı olduğunu deyib.