Əli Kərimli:
“İqtidar saxta dövlət çevrilişi şovsuna hazırlaşır” +VİDEO
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli müstəqil və nüfuzlu mənbələrə istinadən bildirib ki, hökumət növbəti dəfə saxta "dövlət çevrilişi" şousu hazırlayır.
SəhərAzəri-nin Turana istinadla verdiyi məlumata görə,İqtidarın bundan məqsədinin müxalifəti repressiyaya məruz qoymaq olduğunu iddia edən Əli Kərimli “Azərbaycan üçün Qazaxıstan ssenarisi” adlandırdığı planı belə şərh edib: “Plana görə, sosial narazılıq zəminində hansısa etirazların hakimiyyətin öz xəfiyyələri vasitəsilə zorakı iğtişaşa çevrilməsi və həmin zorakı iğtişaşa görə sadə insanların və müxalifətin kütləvi repressiyaya məruz qoyulması nəzərdə tutulur”
O qeyd edib ki, hakimiyyət ideoloqları gələcək planı hazırlamaq üçün artıq piar kampaniyasına da başlayıb. Artıq hakimiyyətə yaxın mətbuat və “müxalifətçi” adı altında gizlənmiş hökumət yandaşları Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyasının “növbəti dəfə” rəngli inqilaba hazırlaşdığını yazmağa başlayıblar.
Kərimlinin sözlərinə görə, budəfəki “rəngli inqilab”ı hansı xarici ölkəyə bağlamaqla bağlı hakimiyyət daxilində hələ də son qərar verilməyib. Hakimiyyətyönlü KİV və “cib müxalifətçiləri” ABŞ və Qərb fondlarına işarə edirlər, eyni zamanda Demokratik Qüvvələrin Milli Şurasını və Azərbaycan Xalq Cəbhəsi Partiyasını Putin Rusiyası ilə əlaqələndirməyə çalışırlar.
Partiya sədri: “Hakimiyyətdən tələb edirik ki, bu cinayətkar niyyətdən imtina etsin”, -deyə iqtidara müraciət edib.