Azərbaycanın Mərkəzi Bankında dəyişiklik
Elman Rüstəmov vəzifəsindən azad edildi
Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti üzvlüyündən azad edilib.
SəhərAzəri-nin məlumatına əsasən, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi aprelin 11-də Azərbaycan prezidentinin Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankının sədri vəzifəsindən azad edilməsi haqqında təqdimatını təsdiq edib və bu məsələ Milli Məclisdə səsverməyə çıxarılaraq qəbul olunub.
Bu, o deməkdir ki, Rüstəmov 27 ildir tutduğu Mərkəzi Bankın idarə heyətinin sədri vəzifəsini tərk edir.
Eyni zamanda, parlament komitəsi prezidentin Taleh Kazımovun Mərkəzi Bankın idarə heyətinin üzvü təyin edilməsi haqqında təqdimatını dəstəkləyib. Bununla bağlı parlamentin bu gün keçirilən plenar iclasında Taleh Kazımovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.
Məsələ barədə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. Komitə sədri Taleh Kazımovun iş təcrübəsi və peşə keyfiyyətləri barədə məlumatları deputatların diqqətinə çatdırıb. Onun ölkənin bank sistemindəki xidmətlərindən, əldə etdiyi nailiyyətlərdən bəhs edib. Sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Xatırladaq ki, Elman Rüstəmovun fəaliyyətində əsas nöqsan bank sisteminin, valyuta rejiminin liberal olmaması ilə bağlı olub. Ancaq iqtisadçıların fikrincə bunun səbəbi ölkə iqtisadiyyatının strukturuda axtarmaq lazımdır. Çünki ümumi iqtisadiyyatı liberal olmayan ölkələrdə bank sektorunun liberallaşması da mümkünsüzdür.