İcra başçıları nə ilə məşğul olurlar?
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilib.
SəhərAzəri-nin məlumatına əsasən,"MTC Company" MMC-nin həm icraçı direktoru, həmdə təsisçisi olan şahid Elnur İsayevin sözlərinə görə, İmişli RİH-in inzibati binasında tikilməsində onun şirkəti tenderi qazanıb və binanın tikilməsi üçün 6 milyon 200 min manatlıq müqavilə bağlanıb.
Şahid 990 min manatın hissə-hissə İmişli Rayon İcra Hakimiyyətində şəxsən Vilyam Hacıyevin özünə verildiyini bildirib: “Biz işi davam etdirmək üçün məcbur olub həmin pulları ona verdik. Çünki bizim layihələr üzrə rəhbərimiz Səhliyə xanıma deyilmişdi ki, pullar verilməsə, tender başqa şirkətə veriləcək".
Digər şahid İmişli rayonunda sahibkarlıqla məşğul olan Şahid Hakim Fərəcov söyləyib ki, müəssisəsi tikinti materiallarının istehsalı ilə məşğuldur: "2019-cu ildə rayonda abadlıq işlərinin aparılması üçün İmişli Rayon İcra Hakimiyyətindən 2 500 manat pul istənildi. Pulu rayon icra hakimiyyətinin mühasibatlığına verdim. Bir dəfə də işlədiyimiz yerdə vətəndaşlarla problemimiz oldu. Problemi həll etmək və aranın sakitləşdirilməsi üçün 8 min 500 manat pul verdim".
Şahid Rizvan Ağayev isə bildirib ki, tanışının torpağının sənədləşməsi üçün vasitəçi olub: "Elvin adlı tanışımın yaşadığı yerin həyətində 66 kv-lıq yer var idi. Ona sənəd istəyirdi. İcra hakimiyyətində Nazim müəllimlə danışdım. Buna görə 4 min manat pulu mənim yanımda Nazimə verdi".
Digər Şahid Oktay Gülmalıyevin sözlərinə görə, İmişlidə Əfqanıstan veteranının adına sosial ev alması üçün 15 min manatı rayonun maliyyə şöbəsinin rəisi Cəmil Musayevə verib.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.