ABŞ Minsk Qrupunu xortladır
Ağ Ev üçün prioritet yenə də ermənilərin mənafeyidir - TƏHLİL
ABŞ ATƏT-in Minsk Qrupundan kənarda Qarabağ məsələsində vasitəçiliyi davam etdirəcəyini bildirir.
SəhərAzəri-nin məlumatına əsasən, Vaşinqton Ermənistana və Azərbaycana sülh axtarışında kömək etməyə hazır olduğunu təsdiq edib.
Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays gündəlik brifinqdə deyib: "Biz Ermənistanı və Azərbaycanı diplomatik əməkdaşlığı davam etdirməyə və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün həll edilməmiş məsələlərin hərtərəfli həllinin axtarışı üçün mövcud mexanizmlərdən istifadə etməyə, hərtərəfli sülh sazişi bağlamaqla münasibətləri normallaşdırmağa çağırırıq".
ABŞ-ın roluna gəlincə, hökumət rəsmisi qeyd edib ki, Birləşmiş Ştatlar əvvəlki kimi, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri qismində Ermənistana və Azərbaycana bu səylərində kömək etməyə hazırdır. Mövcud mexanizmlərdən danışarkən, əlbəttə ki, ATƏT-in Minsk Qrupu onların bir hissəsidir.
Xatırladaq ki, amerikalı həmsədr Endryu Şofer bazar ertəsi Ermənistan baş naziri Nikol Paşinyanla görüşüb və Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllində "MQ həmsədrləri formatının rolunu" müzakirə edib. Şoferin İrəvandan Bakıya gələcəyi gözlənilir.
Minsk Qrupunun mövcudluğuna ABŞ rəsmilərinin eyham vurması elə bir haldadır ki, Rusiyanın XİN başçısı bu yaxınlarda ABŞ ilə Fransanın sözü gedən format çərçivəsində Moskva ilə əməkdaşlıqdan imtina etdiklərini bəyan etmiş və qrupun dağıldığını vurğulamışdı.
Amerikanın mövqeyində belə qənaət hasil etmək olar ki, rəsmi Vaşinqton daha çox Minsk Qrupu çərçivəsində Ermənistanın və eləcə də Qarabağdakı separatçıların maraqlarını təmin etməyə çalışır. Çünki qrupun keçmişdəki sənədlərində bir sıra məsələlər barədə o cümlədən Qarabağın statusu və ermənilərin müqəddəratrı işində Azərbaycanın üzərinə müəyyən öhdəliklər qoyulub və Minsk Qrupunun buraxılması Vaşinqtonu bu imkandan məhrum edə bilər. Eyni zamanda amerikalılar Azərbaycanla Ermənistan arasında mövcud olan ixtilafların həllinin Rusiyaya həvalə edilməsinin əleyhinədirlər. Belə bir şəraitdə istisna deyil ki, Rusiya Ermənistanı kompromisə vadar etməklə Cənubi Qafqazdakı mövqelərini möhkəmlətməyə çalışacaq və Azərbaycan Respublikasını öz orbitinə daxil etməyə nail olacaqdır. Zira hazırda Qərbin Qarabağla bağlı mövqeyi rəsmi Bakını o qədər də qane etmir.