Apr 26, 2022 22:13 Asia/Baku
  • Qonaq İrana sataşdı, Bakıda separatçılara tribuna verilib!

Şuşada keçirilən Zəfər Qurultayında iştirak edən və hökumətin dəvəti ilə Azərbaycanda səfərdə olan anti-İran separatçı qruplaşmanın üzvü Əjdər Tağızadə Bakıda ona verilmiş tribunadan İran İslam Respublikasına sataşıb.

SəhərAzəri-nin məlumatına əsasən, qaragüruhçu Azərbaycan Respublikasının “Xural TV” kanalına müsahibəsində iddia edib ki, guya İran Azərbaycanında “müstəqillik” uğrunda ciddi müharibə gedir, guya İran Azərbaycan Respublikasını açıq şəkildə hədələyir, guya İran ikinci Qarabağ müharibəsinə getmək üçün Azərbaycan Respublikasının səfirliyində qeydiyyatdan keçən azəriləri həbs edib !

Əjdər Tağızadə öz təxribatçı fikirlərinin davamında deyib: “Tehran rejimi Azərbaycan hökumətinin varlığından qorxur... qaçaqmalçıların və terrorçuların Azərbaycan Respublikası sərhədindən keçməsinə mane olmur...Tehran rejiminin bütün dünyada bircə dostu yoxdur. İran dağılır... İndi İran adlanan yerdə vəziyyət Sovet İttifaqının dağılmasından da pisdir...”.

Azərbaycanla qonşu ölkənin əleyhinə belə təhqiramiz və təfriqəçi açıqlamanın verilməsinin Tehran-Bakı əlaqələrinə nə dərəcədə ziyan vura biləcəyini nəzərə alaraq, müvafiq dövlət qurumlarının susqunluq nümayiş etdirməsi ciddi suallar doğurur. Şübhəsiz ki, bu cinayət halının söz və ifadə azadlığı ilə izah edilməsi mümkün deyil; xüsusilə də Ə.Tağızadənin dövlət komitəsinin dəvəti ilə Azərbaycanda peyda olmasına və İranı söyməsinə görə hakimiyyət öz məsuliyyətindən yayına bilməz. Bununla yanaşı Xural TV-nin də nəzarətsiz fəaliyyət göstərməsi inandırıcı deyildir. Dövlət qurumları sözü gedən kanalın efirindən separatizmin təbliğ olunduğuna görə cavabdeh olmalıdırlar.

Teqlər