Qiymətlər od tutub yanır
Azərbaycanda illik inflyasiya 13% olub
Dövlət Statistika Komitəsi Azərbaycanda qiymətlərin artması barədə yeni hesabat yayıb.
SəhərAzəri-nin məlumatına əsasən, bu ilin yanvar ayında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 112,5 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,1 %, qeyri-ərzaq məhsulları üzrə 105,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 111,1 % təşkil edib.
Hesabatda bildirilir ki ay ərzində ayrı-ayrı ərzaq məhsullarından daha çox artım çörəyin, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, qoyun, mal və toyuq ətinin, təzə və dondurulmuş balığın, pendirin, kəsmiyin, xamanın, qatılaşdırılmış şəkərli və sterilizə olunmuş üzlü südün, kərə yağının, narın, heyvanın, naringinin, xurmanın, bananın, almanın, armudun, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, kakao tozunun, limonadın, pivənin, arağın, tütün məmulatlarının, azalma isə əsasən yumurtanın, portağalın, kələmin, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 % təşkil edib.