ABŞ Rusiyaya qarşı sanksiyanı pozanları hədələdi
Ağ Ev Azərbaycana da xəbərdarlıq edib
ABŞ Türkiyə, Azərbaycan və digər ölkələri Rusiyaya sanksiyalardan yan keçməyə kömək etməmələri üçün xəbərdarlıq edib.
SəhərAzəri-nin məlumatına əsasən, Bayden administrasiyası bazar ertəsi bildirib ki, Rusiyaya qarşı sanksiyaların effektiv olması və mövcud boşluqları aradan qaldırmaq üçün addımlar atır.
Şənbə günü ABŞ Maliyyə Nazirliyi Türkiyəyə xəbərdarlıq edib ki, Rusiya qurumları və şəxsləri Ukraynaya qarşı müharibə ilə əlaqədar Qərbin tətbiq etdiyi sanksiyalardan yan keçmək üçün bu ölkədən istifadə etməyə çalışırlar.
Dövlət Departamentinin sözçüsü Ned Prays bazar ertəsi brifinqdə deyib: “Yüksək rütbəli ABŞ rəsmiləri mövcud sanksiyalar rejimini saxlamaq, boşluqları aradan qaldırmaq və Rusiyaya qarşı potensial hədəfləri müəyyən etmək üçün dünya üzrə həmkarları ilə müntəzəm əlaqə saxlayırlar”.
O, Vaşinqtonun Azərbaycan, Gürcüstan və Ermənistanı da Rusiyanın fiziki və hüquqi şəxslərinin sanksiyalardan yan keçməsinə imkan verməməyə çağırdığını təsdiqləyib.