MTN-nin cinayətkarlarına cəza verilib
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş Milli Təhlükəsizlik Nazirliyinin bir qrup yüksək vəzifəli zabitinin barəsində hökm çıxarılıb.
SəhərAzəri-nin məlumatına əsasən, çıxarılan hökmə görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsinin keçmiş rəisi, general-mayor Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun müavini Yasin Məmmədov 10,5 il müddətinə cəza alıb. İstintaq İdarəsinin 2-ci şöbəsinin keçmiş rəisi Vüsal Ələkbərov 11 il 2 ay, həmin idarənin kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Onların hamısı iş adamlarından hədə-qorxu ilə pul tələb etməkdə və ümumilikdə 17 milyon manata yaxın vəsaiti mənimsəməkdə günahkar biliniblər. Cinayət işində 32 zərərçəkmiş şəxs keçir.
Azərbaycan Respublikasının cinayətkarlıq və korrupsiya ilə mübarizə etməli olan ən əsas və ən həssas kəşfiyyat orqanının günahsız vətəndaşları soymaqla məşğul olması bu ölkə də rüşvətxorluğun, hakimiyyətdaxili mütəşəkkil cinayətkar qrupların geniş fəaliyyətindən xəbər verir. MTN o qədər çirkaba alışmışdı ki, artıq olun islahı mümkün olmadığından bu nazirlik buraxıldı.
Vaxtaşırı olaraq dövlət qurumlarında korrupsiya halları aşkar edilsə və cinayətkar məmurlar saxlanılsa da, dövlət orqanlarında korrupsiya gün-gündən dərinləşir.