İranın Azərbaycandakı səfiri:
“İran Ermənistanın mülki azərbaycanlılara qarşı hücumunu pisləyir”
İranın Azərbaycan Respublikasındakı səfiri deyib: “İran 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı amansız hücumunu pisləyir və Azərbaycanın acısını bölüşür”.
"Ermənistanın Gəncədə Azərbaycanın mülki əhalisinə qarşı bu cür qəddar hücumu bizi çox sarsıtdı", - "Report" xəbər verir ki, iki il əvvəl gecə saat 01 radələrində Gəncəyə raket zərbələri endirilən əraziyə bu gün baş çəkən İranın səfiri Seyid Abbas Musəvi deyib.
Diplomat İranın Azərbaycanın ağrısını başa düşdüyünü və bunun, Azərbaycan xalqı və bütövlükdə bəşəriyyət üçün çox ağrılı məqam olduğunu vurğulayıb.
"Bu gün biz müxtəlif ölkələrin səfirləri ilə bu qəddar hücumun qurbanlarının xatirəsini yad etmək üçün buraya gəlmişik", - səfir əlavə edib.
Xatırladaq ki, 2020-ci ilin oktyabrın 17-də gecə saat 01 radələrində Ermənistan növbəti dəfə Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini raketlərlə atəşə tutub.
Nəticədə 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.