Okt 20, 2022 11:05 Asia/Baku
  • Cənubi Qafqaz yeni savaşa sürüklənir - Analitik şərh

Qərbin Ermənistan hakimiyyətinə dəstəyi davam edəcəyi təqdirdə Azərbaycan-Ermənistan arasındakı mövcud vəziyyətin nizamlanması üçün hərbi variantın tətbiq olunmasından başqa yol qalmır.

SəhərAzəri-nin məlumatına əsasən, politoloq Elşən Manafov bu barədə Sputnuik Xəbər Agentliyinə bildirib ki, Avropa İttifaqının Azərbaycan-Ermənistan arasındakı məsələlərdə vasitəçilik etmək niyyəti İttifaqın və Qərbin regiondakı geosiyasi maraqlarından irəli gələn məsələdir. Bu, onların Rusiyanı danışıqlardan kənarlaşdırmaq, onun moderatırlığı ilə gedən prosesi məhdudlaşdırmaq niyyətindən irəli gəlir".

Politoloq qeyd edib ki, bu gün Ermənistan hökumətinə rəhbərlik edən Paşinyan hakimiyyəti Qərbin maliyyə dəstəyi ilə buna nail olmağa çalışır:

" Paşinyan zamanında Sorosun və ABŞ-ın dəstəyi ilə hakimiyyətə gələndə bəlli idi ki, ona müəyyən siyasi kursun həyata keçirilməsi tapşırılıb. O, hələ müxalifətdə olarkən Rusiyaya qarşı mövqeyi ilə seçilirdi. Ancaq hakimiyyətə gəldikdən sonra Rusiyanın Ermənistana təsirini azaltmaq niyyətində olan Paşinyan bunu bacara bilmədi. Görünür Paşinyan bu gün bu istiqamətdə müəyyən addımlar atmağa çalışır. Ona görə də, nəyin bahasına olursa olsun, Azərbaycan-Ermənistan arasındakı danışıqlara ATƏT-in Minsk Qrupunu cəlb etmək istəyir".

Politoloq vurğulayıb ki, Azərbaycan tərəfi dəfələrlə Qarabağın Azərbaycanın daxili işi olmasını bəyan edib:

"Azərbaycana görə Qarabağ problemi artıq həllini tapıb. Bu baxımdan Minsk Qrupu kimi amorf bir təşkilatın proseslərə cəlb edilməsi Azərbaycanın dövlət maraqlarına cavab vermir. Azərbaycan xalqında və dövlətində ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi ucbatından bu təşkilata heç bir etibar və etimad qalmayıb. Hazırda Ukrayna cəbhəsində yaşananlara görə bir-birinə qarşı dayanmış Rusiya və ABŞ-Fransa birliyinin bu məsələdə necə eyni mövqedən çıxış edə biləcəyi isə anlaşılmazdır".

Politoloqun fikrincə, Rusiyanın sülhməramlı qüvvələrin timsalında bölgədə yerləşməsi ümumilikdə Qərbi narahat edir və onların maraqlarına cavab vermir.

O hesab edir ki, ümumilikdə bölgədəki yeni geosiyasi reallıqlar Qərbin maraqlarına cavab vermir və bunu həzm edə bilmirlər: "Ona görə də bu reallıqları Paşinyanın vasitəsilə dəyişməyə cəhd edirlər. Bununla da Rusiyanın təsir dairəsini kiçiltmək istəyirlər".

Teqlər