“Uzun illərdir Azərbaycanın Müdafiə Nazirliyində mütəşəkkil kriminal dəstə fəaliyyət göstərir”
İkinci Qarabağ müharibəsində iştirak etmiş, müharibənin bitməsindən bir neçə gün sonra, noyabrın 23-də Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək həlak olan, korpus komandirinin müavini, polkovnik Babək Səmidlinin səs yazısı yayılıb.
Həmin səs yazısının müharibədən az sonraya, Babək Səmidlinin ölümündən isə bir neçə gün əvvələ aid olduğu güman edilir. Audioyazını Meydan Tv yayıb. Həmin səs yazısında Babək Səmidli müharibə dövründə ordudakı çatışmazlıqlardan, rəhbərlikdəki naqisliklərdən söhbət açır. Onun kiməsə hesabat verdiyi hiss olunur. Amma qarşı tərəfin kim olduğu aydın deyil. Həmin səs yazısı bir neçə gündür sosial mediada müzakirə olunur.
Təhlükəsizlik məsələlıri üzrə ekspert Ərəstun Oruclu məsələyə münasibət bildirərkən deyib ki, “yayılan səs yazısı bir çox mətləblərdən xəbər verir. İlk növbədə dediyim kimi o, illərdir bizim açıqladığımız xeyli həqiqətləri yenidən gündəmə gətirdi. Onların arasında ən böyük və ən əsas həqiqət isə budur ki, uzun illərdir ölkənin Müdafiə Nazirliyində mütəşəkkil kriminal dəstə fəaliyyət göstərir.”
Ərəstun Orucluya görə səs yazısında səsləndirilən bir sıra faktlar MN-dəki kriminal dəstənin fəaliyyətinin təkcə mənimsəmələrdən, korrupsiyadan və rüşvətxorluqdan deyil, həm də dövlətə xəyanətdən ibarət olmasıdır.
Təhlükəsizlik üzrə ekspert illər boyu rəhbərliyində korrupsiyanın, rüşvətxorluğun, tayfabazlığın, qruplararası çəkişmələrin, xəyanətin tuğyan etdiyi orduda vəziyyət başqa cür ola da bilməyəcəyini xatırladıb.
Ekspert Polkovnik Babək Səmidlinin ölümü barədə şübhələrin kifayət qədər əsaslı olduğunu da vurğulayıb. “Babək Səmidlinin Tərtər cinayətinin ən fəal iştirakçılarından olması və cinayət törədildikdən sonra onun qurbanlarının ailə üzvlərini pulla ələ almaq cəhdləri haqda onlarla şahid və sübutlar var”- deyən Ekspert onun müəmmalı şəkildə minaya düşməsinin bununla əlaqəli olduğunu bildirib. Ərəstun Orucluya görə indi sosial media məkanında mütəşəkkil bir qrup məqsədli şəkildə ictimai rəyi çaşdırmağa və diqqəti hadisənin mümkün səbəbi kimi həmin hadisədən yayındırmağa çalışır.
Ərəstun oruclu bu səs yazısını və onun yayılmasının orduya, Azərbaycana, eləcə də Türkiyəyə qarşı təxribat adlandırılmasına da münasibət bildirib:
“Bu cür yanaşmanın ortaya atılmasının səbəblərindən biri də Müdafiə Nazirliyində baş verənləri ölkə ictimaiyyətinin diqqətindən kənarda saxlamaq cəhdidir”,- Ekspert deyib.