Korrupsioner iqtidar ikiüzlülük edir
Korrupsiya dövlət orqanlarını ağuşuna alıb
Azərbaycanda Mədəniyyət Nazirliyinin şöbə müdiri həbs edilib.
SəhərAzəri-nin məlumatına əsasən, Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb. Səbail rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib və İlkin Nəsibov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı saxlanılanlar arasında nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov da var.
Xatırladaq ki, İlham Əliyevin başçılıq etdiyi dövlət beynəlxalq korrupsiya indeksində 180 ölkə arasında 128-ci yeri bölüşür.
Bu istiqamətdə yalnız Pandora Sənədlərində Azərbaycan iqtidarının və onların ortaqlarının son 15 ildə Britaniyada 544 milyon dollar dəyərində əmlak əldə etdiyi iddia olunur.
İdarəetmə məsələləri üzrə ekspert Bəxtiyar Hacıyev mediaya bildirib ki, məmurların gəlirləri, əmlakları barədə bəyannamə verməməsi korrupsiyanın inkişaf üçün çox ciddi yol açır.
Müstəqil ekspertlər və siyasi partiya rəhbəri vəziyyətdən çıxış üçün korrupsiyaya qarşı sistemli mübarizənin lazımlılığını, demokratik seçkilərin keçirilməsini, azad məhkəmə və medianın olmasını, müstəqil vətəndaş cəmiyyətinin rolunu vacib sayır.
Hüquq müdafiəçisi, keçmiş prokuror Rüfət Səfərov deyir ki, Azərbaycandakı “hazırkı sistem uzun illər ərzində mövcuddursa, korrupsiya və rüşvətxorluğa borcludur”.
“Dövlət idarəetmə orqanları, korrupsiya ilə mübarizə aparmalı olan təsisatlar üzərlərinə düşən vəzifələri nəinki dürüst qaydada icra edir, əksinə hökumət strukturlarında rüşvət meylləri adi haldır,” o qeyd edib.
Azərbaycanda son zamanlar bir sıra yüksək vəzifəli şəxslər rüşvət və korrupsiya ittihamları ilə həbs edilib.