Dek 01, 2022 15:46 Asia/Baku
  • Naxçıvan xanına artıq hamı dil uzadır

Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Naxçıvanda aparılan əməliyyatların hədəfi getdikcə bəlli olur: Bu vaxta qədər bölgəni tam istilasında saxlayan xan yola salınır.

SəhərAzəri-nin məlumatına əsasən, nazirlərinin bir-bir həbs olunması və oğlunun işdən çıxarılması muxtar respublikada əhali tərəfindən böyük həyəcanla qarşılanır.

Siyasi şərhçi Şahin Cəfərlinin fikrincə, hazırkı addımlar ondan xəbər verir ki, Azərbaycanın mərkəzi hakimiyyəti Naxçıvanın de-fakto müstəqilliyini de-fakto məhdudlaşdırmaq xəttini seçib: "Naxçıvan bir növ Azərbaycan dövlətinə tam tabe olmayan, müstəqilliyinin çərçivəsi geniş olan bir vəziyyətdən mərkəzi hakimiyyətə daha sıx bağlanan bir vəziyyətə keçirilir".

Ekspert mediaya müsahibəsində qeyd edib ki, böyük ehtimalla yaxın zamanda Vasif Talıbovun da vəzifədən hansısa şəkildə uzaqlaşdırılması reallaşa bilər: "Yeni Azərbaycan Partiyasının yubiley tədbirində onun iştirak etməməsi faktiki olaraq onu göstərir ki, Talıbov artıq Bakıda gözdən düşüb və onun dəyişdirilməsi üzərində iş gedir.

Politoloqun sözlərinə görə, Azərbaycanda Naxçıvana bir xanlıq kimi baxılır və bu, heç də əsassız bir fikir deyil. Vasif Talıbov orada bir xanlıq qurmuşdu, Bakıdan icazə almadan, Bakı ilə məsləhətləşmədən bir sıra qərarlar verirdi, Azərbaycanın digər regionlarından tamamilə fərqli mühit yaratmışdı. İndi, görünür, İlham Əliyev bütün bunlara son qoymağa və Naxçıvanı Bakıya daha sıx bağlamağa qərar verib.

Qeyd edək ki, muxtar respublikanın rəsmiləri Naxçıvanda Azərbaycan qanunlarından kənar halların baş verməsi ilə bağlı deyilənləri qəti təkzib edirlər. Onlar Naxçıvanda böyük quruculuq işlərinin həyata keçirildiyini vurğulayırlar.

Bu arada Müsavat TV-nin "Canlı debat" verilişinə qoşulan millət vəkili Vahid Əhmədov Naxçıvanda baş verən korrupsiya və rüşvətxorluq hadisələrinin qəbuledilməz olduğunu bildirib. O deyib: “Naxçıvan 20 il idi ki, özünü sərbəst dövlət kimi göstərirdi. Naxçıvana dövlət büdcəsindən 350 milyon manat ayrılıb. Əgər Naxçıvan bu cür inkişaf edirsə, Naxçıvanda bu qədər müəssisələr tikilirsə, o zaman gəlirləri hardadır? Hara gedir bu qədər vəsaitlər?"

V.Əhmədov eyni zamanda bildirib ki, V.Talıbovu işdən çıxarmaq yox, həbs etmək və oğurladıqlarını dövlətə qaytarmasını təmin etmək lazımdır.

 

Teqlər