Azərbaycanda əhali məişət böhranı ilə üz-üzədir
Astara sakini: “Nisyə dərman, çörək almaqdan bezmişik”
-
astara
Azərbaycan Respublikasında əhali məişət böhranı ilə üz-üzədir. Meydan TV Astarada vəziyyətin daha ağır olduğunu bildirir.
Rayon sakini Aslan Babayev Meydan TV ilə müsahibədə özünü öldürmək həddinə çatdığını deyib.
“İtin günündə yaşayırıq, gəlib yaşayışımızla əyani tanış ola bilərsiz. Xirtdəyə kimi borcun içində üzürük. Dərman borcla, çörək borcla… Bir gün mən də özünü öldürən qazilərin siyahısına düşəcəm”.
Astara sakini Aslan Babayev 7 aydır ki, Lənkərandakı Hirkan Milli Parkına gözətçi işinə düzəlib. 360 manat maaş alır. Birinci Qarabağ döyüşlərinin iştirakçısı kimi də 80 manat alır. Deyir, evinə daxil olan gəlir bundan ibarətdir. 7 nəfərlik ailə gözünü ona dikib. O isə aldığını kreditlərə ödəyir. Ailə ac qalmasın deyə, çörəyi nisyə alır. Xəstə övladının dərmanlarına görə də apteklərə xeyli borcu yığılıb.
O sonra deyib: “Müalicələrimiz üçün adamlardan aldığım borcları qaytarmaqdan ötrü bankdan kredit götürürəm, sonra da o kreditin aylıqlarını ödəmək üçün təzədən adamlardan borc alıram. Düşmüşəm quyunun lap dibinə, çıxa bilmirəm.
Aslan Babayev köməklik üçün Astara Rayon İcra Hakimiyyətinə müraciət etdiyini, ancaq nəticəsiz qaldığını deyir.
Astara Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyilib ki, Babayevlər ailəsi quruma da müraciət edib. Onlara bildirilib ki, sosial durumla bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməlidirlər.