“Tərtər işi”ndə zərərçəkənlər təzyiqlə üzləşirlər - AKTUAL
https://azeri.sahartv.ir/news/azərbaycan-i400956-tərtər_işi_ndə_zərərçəkənlər_təzyiqlə_üzləşirlər_aktual
Tərtər cinayəti ilə əlaqədar zərərçəkmiş şəxslər Prezident Administrasiyasının qarşısında etiraz aksiyasına cəhddən sonra təzyiqlərə məruz qaldıqlarını deyirlər.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyun 20, 2023 11:47 Asia/Baku
  • “Tərtər işi”ndə zərərçəkənlər təzyiqlə üzləşirlər - AKTUAL

Tərtər cinayəti ilə əlaqədar zərərçəkmiş şəxslər Prezident Administrasiyasının qarşısında etiraz aksiyasına cəhddən sonra təzyiqlərə məruz qaldıqlarını deyirlər.

İyunun 8-də aksiya keçirənlər arasında hadisələr vaxtı özləri işgəncə görən, dövlətə xəyanət və başqa ağır ittihamlarla uzun müddət həbsdə saxlandıqdan sonra bəraət alıb azadlığa çıxan, eləcə də işgəncə nəticəsində övladını itirən şəxslər olub.

Onlar Prezident Administrasiyasının önündə etiraz aksiyası keçirəndən sonra hüquq-mühafizə orqanlarına çağırılır, saatlarla saxlanıb hədələnirlər. Onlardan susmaq tələb olunur.

Qeyd edək ki, 2017-ci ilin mayında Tərtər hadisələri zamanı işgəncəyə məruz qalmış şəxslərin acınacaqlı taleyi hakimiyyətin senzurasına baxmayaraq gündəmdən düşmür.

2017-ci ildə 4 rəsmi qurum birlikdə açıqlama yayaraq, bir qrup hərbçinin Ermənistanın xeyrinə casusluq etməsi barədə cinayət işi açıldığını bildirdi. Sonra saxta ittiham əsasında yüzlərlə əsgər və zabitə misli görünməmiş işgəncələr verildi.

İşgəncələrin daha çox bu tərzdə tətbiq olunduğu bildirilir:

▪ Əl-ayaqlar bağlı halda döyülmək, suda boğmaq

▪ Əl və ayaq dırnaqlarının kəlbətinlə çıxarılması

▪ Əl və ayaqlar bağlı şəkildə yuxarı mərtəbələrdən aşağı atılması

▪ Cinsiyyət orqanlarına və bədəninə elektrik cərəyanı verilməsi

▪ Gözlərin göz dəliyindən çıxarılması

▪ Bağırsaqlarına dəmir armaturun daxil edilməsi

▪ Plastik su borularını yandıraraq ərimiş plastiki çılpaq bədənə damızdırmaq və yara yerinə duz, istiot tökmək

▪ Günlərlə ac-susuz saxlanılmaq

▪ Su şüşələri üzərində otuzdurmaq

▪ Diz qapaqlarının drellə deşilməsi

▪ və digər qəddar üsullar.

Əsgər və zabitlər qarşısında qoyulan tələb bu olub ki, ya ermənilərə işlədiyini etiraf etməlisən, ya da öləcəksiniz.

Cinayət nəticəsində ən azı 9 hərbi qulluqçu işgəncələrdən ölüb, ancaq bəzi ekspertlər öldürülənlərin sayının daha çox olduğunu bildirirlər. Öldürülənlərdən bir neçəsinin ailəsinə ölümlərindən sonra rəsmi məlumat verilib ki, onların təqsiri sübuta yetirilməyib. Yəni, günahsız olaraq işgəncəyə məruz qalıblar və öldürülüblər.

Zərərçəkənlərin ailə üzvlərinin dediklərinə görə, ümumilikdə 1700-dən çox hərbçiyə işgəncə verilib.