Ötən il boşanan uşaqlı ailələrin sayı açıqlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i400959-Ötən_il_boşanan_uşaqlı_ailələrin_sayı_açıqlanıb
Azərbaycan Respublikasında ötən il qeydə alınmış boşanmalardan 9562-i 18 yaşadək uşaqları olan ailələr arasında qeydə alınıb, ekspertlər ailələrin dağılmasında telekanalların da rol oynadığını bildirirlər.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyun 20, 2023 12:16 Asia/Baku
  • Ötən il boşanan uşaqlı ailələrin sayı açıqlanıb

Azərbaycan Respublikasında ötən il qeydə alınmış boşanmalardan 9562-i 18 yaşadək uşaqları olan ailələr arasında qeydə alınıb, ekspertlər ailələrin dağılmasında telekanalların da rol oynadığını bildirirlər.

2022-ci ildə 15 983 boşanma qeydə alınıb ki, onlardan 6421-i uşaqsız ailə olub.

Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, ötən il qeydə alınmış boşanmalardan 9562-i 18 yaşadək uşaqları olan ailələr arasında qeydə alınıb:

“Onlardan 4 154 ailə 1 uşaqlı, 5 408 ailə isə 2 və daha çox uşaqlı olub ki, onlarda uşaqların sayı 12 180 olub”.

Həmçinin ötən il qızlar və oğlanlar arasında yaş qruplarına görə nikahların statistikası da açıqlanıb.

Sosioloqlar bildirirlər ki, boşanmaların belə kütləvi hal alması Qərbin “kütləvi mədəniyyət”nin “bəhrəsi”dir.

Belə ki, Qərbin yaşam tərzi, Qərb psixologiyası neçə illərdir ki, Azərbaycanda fəal surətdə təbliğ və təsviq olunur. Həm də, məqsədyönlü şəkildə aparılan bu təbliğatda xarici TV-lərdən daha çox yerli telekanallar canfəşanlıq edirlər.

Bir müddət əvvəl parlamentin iclasında deputat Aqil Abbas Milli Televiziya və Radio Şurasına telekanalları cəzalandırmaq, hətta qısa müddətlik yayımını dayandırmaq səlahiyyətinin verilməsini təklif etmişdir.

O həmçini demişdir: “Azərbaycan televiziyalarında xalqı elə təqdim edirlər ki, düşünürsən, doğrudanmı yer üzündə belə bir millət yaşayır...”

Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov isə Ədalət qəzeti ilə müsahibədə yerli telekanalları tənqid atəşinə tutub. “Telekanallar Azərbaycan xalqının faciəsidir. Mənəviyyatsızlıq, əxlaqsızlıq təbliğ edir. Bütün milli-mənəvi dəyərlərimizi, ruhumuzu məhv ediblər. Eybəcər oxuyanlarla, aparıcılarla, verilişlərlə bunu edirlər. Ciddi tədbir görmək lazımdır, amma təəssüf ki, səsimə səs verən yoxdur”, - deyə Şeyx Əbdül qeyd edib.