İlham Əliyevdən Söyüdlü aksiyasına reaksiya:
Polisləri müdafiə etdi, əhalinin davranışını qınadı
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının prezidenti Gədəbəyin Söyüdlü kəndində baş verənlər haqda danışıb.
İlham Əliyev iyulun 11-də cari ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışı zamanı Söyüdlü kənd əhalisinin davranışını qınayaraq deyib: “Polisə daş atan utanmalıdır, vətəndaşlar mədəniyyət göstərməlidirlər, necə deyərlər, mərifət göstərməlidirlər, qanuna tabe olmalıdırlar, polisə daş atmamalıdırlar, polisə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil. Bu, birincisi. İkincisi, bu, cinayətdir”.
Prezident Söyüdlü sakinlərinin etirazlarını dəstəkləyənləri “təxribatçı” adlandıraraq, onları hədələyib:
“Vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz hərəkətlər ediblər, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir. O təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir. Azərbaycandakılar artıq müəyyən edildi və bir neçəsi məsuliyyətə cəlb olundu. Xaricdəkiləri də biz məsuliyyətə cəlb edəcəyik, - deyə Əliyev vurğulayıb”.
Onun sözlərinə görə, əgər Azərbaycan polisi dözümlülük göstərirsə, o demək deyil ki, kim istəyir polisə daş ata bilər. Bu, qətiyyən mümkün deyil.
İlham Əliyev söhbətinin davamında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyini günahlandırıb və qeyd edib ki, nazirlik ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor Azərbaycanın təbiətini zəhərləyib.
Gədəbəylilər deyirlər ki, qızıl yataqları prezidentin ailəsinə məxsusdur.
Hadisələr zamanı ictimaiyyətin qınağına gələn hadisələrdən biri də polisin etiraz aksiyasını dağıdarkən qadınlardan birinə bibər qazı sıxması idi.
Həmin görüntülər sosial mediada gündəmin əsas müzakirə mövzusuna çevrildi.
Əliyev ictimaiyyətin qəzəbinə səbəb olan bu hadisəyə reaksiya verməyib, əksinə polisləri müdafiə edib.